Çinli mühəndislər uçuş zamanı daxili həndəsəsini dəyişə bilən hipersəs birbaşa axınlı hava-reaktiv mühərrikin yerüstü sınaqlarını uğurla həyata keçiriblər.
HİT.az xəbər verir ki, bu barədə “South China Morning Post” məlumat yayıb. Bildirilir ki, bu texnologiya təkrar istifadə oluna bilən hipersəs uçuş aparatlarının yaradılmasında mühüm mərhələ ola bilər.
Sınaqlar yüksək sürətli uçuş şəraitini imitasiya edən xüsusi stenddə aparılıb. Mühərrik Mach 1,8-dən Mach 6-ya qədər geniş diapazonda sabit işləyib və ciddi nasazlıq nümayiş etdirməyib.
Mütəxəssislərin diqqətini xüsusilə 1650 dərəcə Selsiyə yaxın qaz temperaturu şəraitində konstruksiyanın hermetikliyini təmin edən material çəkib. Bu materialın adi qələmlərdə istifadə olunan qrafit olduğu müəyyən edilib.
Əvvəllər bu tip mühərriklər yalnız uçuş aparatı Mach 4-ə qədər sürət yığdıqdan sonra işə düşə bilirdi. Bunun üçün ayrıca raket sürətləndiricisi tələb olunur, bu isə konstruksiyanı mürəkkəbləşdirir və xərcləri artırırdı.
Şimali-Qərb Politexnik Universiteti və Pekin Güc Maşınları İnstitutunun tədqiqatçıları onilliklərdir həll olunmayan əsas problemi aradan qaldırdıqlarını bildirirlər.
Söhbət yanma kamerasının hərəkətli elementlərinin hermetikliyindən gedir. Mühərrik işləyərkən onun “boğaz” hissəsi uçuş sürətinə uyğun olaraq avtomatik şəkildə formasını dəyişir və hava axınını tənzimləyir. “Journal of Propulsion Technology” jurnalında dərc olunan araşdırmaya görə, bu mexanizm hətta həddindən artıq qızmış qazların təsiri altında belə təxminən üçdə bir saniyədə işləyə bilib.
Belə dəyişən daxili həndəsəyə malik mühərriklər hipersəs sahəsində ən çətin məsələlərdən biri hesab olunur. Bu tip mühərriklər daha yüngül olur, yanacağı daha səmərəli yandırır və təkrar istifadə edilə bilən hipersəs aparatlarının yaradılmasına imkan yaradır.
Əsas çətinlik hərəkətli birləşmələrin ekstremal temperatur və təzyiq şəraitində isti qaz sızdırmamasıdır. Bu səbəbdən bir çox ölkələr belə konstruksiyalardan imtina etmişdi.
Çinli mühəndislər ikiqat qoruyucu hermetizasiya sistemi təklif ediblər. Birinci qat istilik zərbəsini udan elastik keramika liflərindən, ikinci qat isə qrafit əsaslı hermetik materialdan ibarətdir.
Tədqiqatçılara görə, əsas effekt məhz qrafit sayəsində əldə olunub. Qrafit olmadan keramika qat ciddi qaz sızmasına yol verirdi. Qrafit əlavə edildikdən sonra sızma səviyyəsi ilkin göstərici ilə müqayisədə təxminən 1,9 faizə qədər azalıb.
Bu yanaşmanın gələcək hipersəs mühərriklərinin daha stabil və effektiv işləməsinə şərait yaradacağı bildirilir.
Samir


