Venesuelada baş vermiş dağıdıcı zəlzələdən altı gün sonra dünyanın aparıcı media qurumları hadisə yerindən hazırladıqları reportajları yayımlayıblar. Həmin materiallardan aydın olur ki, ölkədə vəziyyət ağırlaşır, insanlar hakimiyyətdən narazıdır.
HİT.az "Le Monde"yə istinadən əxəbəır verir ki, La-Quayrada artıq beş gündür dağıntılar altında qalan yaxınlarını çıxarmağa çalışan ailələr növbə ilə axtarış işlərini davam etdirirlər. Uçmuş binaların dağıntıları altından artıq beş gündür meyitlər çıxarılır.
Yerli sakinlər kürək, külüng və vedrələrlə silahlanaraq öz qüvvələri ilə işləyirlər. "Biz texnikasız, yalnız əllərimiz və özümüz hazırladığımız alətlərlə çalışırıq. Ekskavatorumuz yoxdur. Gələn xilasedicilər isə heç nə etmədilər. Onlar bunun çox təhlükəli olduğunu deyirlər. Amma biz işimizi davam etdiririk, deyə Mauro Menzan adlı sakin bildirib.
"El Pais" yazır ki, Venesuelanın şimalını sarsıdan iki güclü zəlzələdən beş gün sonra dağıntılar altında sağ qalanların tapılması ehtimalı minimuma enib. Sakinlər özlərini tərk edilmiş hiss etdiklərini bildirirlər. Yorğun və ümidsiz insanlar xilasedicilərin gəlməməsindən və hakimiyyətin davranışından dərin məyusluq keçirirlər.
Sosial şəbəkələrdə yayılan videoların əksəriyyətində küçələrdə patrul xidməti aparan və hərəkəti tənzimləyən, lakin dağıntıların təmizlənməsində iştirak etməyən hərbçilərə qarşı narazılıq əks olunur.
Narazılıq yeni hadisələrlə daha da artır. Belə hadisələrdən biri vitse-prezident Delsi Rodriqesin xarici xilasedicilər qrupunun işini dayandıraraq dövlət televiziyası qarşısında onlara təşəkkür etməsi olub.
“Bilirik ki, gördüyünüz iş insanların həyatı üçün son dərəcə vacibdir. Amma sizi bir anlıq işinizdən ayıraraq təşəkkür etmək istərdik”, deyə o bildirib.
Nəşr yazır ki, bütün bu xaos fonunda yeni siyasi amil də gündəmdədir.
“Bloomberg” və “Reuters”in məlumatına görə, müxalifət lideri Mariya Korina Maçado ötən həftə ABŞ-dən özəl mühafizə şirkətinin müşayiəti ilə Kurasaoya uçaraq oradan Venesuelaya qayıtmağı planlaşdırıb. Lakin Donald Tramp administrasiyası fövqəladə vəziyyət dövründə onun qayıdışını dəstəkləməyəcəyini açıq şəkildə bildirdikdən sonra bu plan ləğv edilib.
Samir


