ABŞ Dəniz Piyadaları Korpusu əsas avadanlıqlardan biri – bort radarı olmadan altı ədəd “F-35B” qırıcısı təhvil alıb. Əgər əvvəllər belə tədarüklər barədə yalnız KİV məlumat verirdisə, indi bu fakt ilk dəfə “F-35” proqramının rəhbərliyi tərəfindən rəsmi şəkildə təsdiqlənib.
HİT.az xəbər verir ki, bu barədə “Forsal” portalı yazır.
ABŞ Senatının komitəsində keçirilən dinləmələr zamanı “F-35” Birgə Proqram Ofisinin rəhbəri, general-leytenant Qreqori Masiello bildirib ki, altı təyyarə yeni “AN/APG-85” radarı əvəzinə ballast quraşdırılmış vəziyyətdə Dəniz Piyadalarına təhvil verilib.
Onun sözlərinə görə, buna səbəb “Northrop Grumman” şirkətinin istehsal etdiyi yeni radarların istehsalında yaranan gecikmələrdir. Eyni zamanda, “F-35” təyyarələrinin yeni seriyalarında konstruktor dəyişiklikləri səbəbindən əvvəlki nəsil “AN/APG-81” radarlarının quraşdırılması da mümkün deyil.
“F-35” radarı yalnız hədəflərin aşkarlanması və izlənilməsi üçün deyil, həm də təyyarənin radioelektron mübarizə və özünümüdafiə sistemləri ilə inteqrasiya olunmuş şəkildə fəaliyyət göstərir.
Radarın olmaması o deməkdir ki, bu qırıcılar yalnız hədəfləri müəyyən edə bilmir, həm də özünümüdafiə imkanlarının böyük hissəsindən məhrum olurlar.
Bu səbəbdən radarsız “F-35” təyyarələri döyüş tapşırıqlarını yerinə yetirə və tamhəcmli döyüş hazırlığında iştirak edə bilmirlər. Onlardan yalnız pilotların ilkin hazırlığı üçün istifadə oluna bilər.
ABŞ mediasının məlumatına görə, bu ilin sonuna qədər ABŞ Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələri də analoji radarsız “F-35” təyyarələri ala bilər.
Pentaqon bunu istehsal prosesini dayandırmamaq istəyi ilə izah edir. Planlaşdırılır ki, təyyarələr hərbi hissələrə təhvil verildikdən sonra radarlarla təchiz ediləcək.
Yeni təyyarələrlə bağlı problemlər ABŞ-nin “F-35” parkının ümumi döyüş hazırlığının azalması fonunda baş verir.
ABŞ Hökumətin Hesabatlılıq İdarəsinin (GAO) məlumatına görə, bütün döyüş tapşırıqlarını yerinə yetirmək qabiliyyətinə malik “F-35” qırıcılarının payı 2020-ci ildəki 38 faizdən 2025-ci ildə 25 faizə qədər azalıb.
Senator Mark Kelli Senat dinləmələri zamanı bildirib ki, proqram rəhbərliyinin ən nikbin qiymətləndirmələrinə görə belə, “F-35” təyyarələrinin yalnız təxminən yarısı tam döyüş hazırlığı vəziyyətindədir.
Samir


