Bir çox sürücü polis əməkdaşının sənədləri yoxlamazdan əvvəl avtomobilin baqajına, qanadına və ya arxa fənərinə əl vurduğunu müşahidə edib.
HİT.az “Interia Automotive” nəşrinə istinadən xəbər verir ki, bu hərəkətin arxasında praktik səbəblər dayanır.
Bu ənənə polis avtomobillərində videoregistratorların və əməkdaşların üzərində bədən kameralarının olmadığı dövrdə yaranıb. Avtomobilə toxunmaqla polis əməkdaşı kuzovun üzərində barmaq izlərini qoyur və bununla da nəqliyyat vasitəsini əlavə vasitələrdən istifadə etmədən “işarələyir”.
Belə izlər, xüsusilə sürücü yoxlama yerindən qaçdığı hallarda faydalı ola bilirdi. Bu üsul oğurlanmış avtomobillər və ya saxta dövlət nömrə nişanları ilə bağlı hadisələrdə xüsusilə əhəmiyyət daşıyırdı. Avtomobil sonradan aşkar edildikdə, barmaq izləri məhz həmin nəqliyyat vasitəsinin polis tərəfindən saxlanıldığını təsdiqləməyə kömək edirdi.
Mütəxəssislər qeyd edirlər ki, dövlət nömrə nişanları etibarlı sübut hesab olunmur, çünki onları dəyişdirmək və ya saxtalaşdırmaq mümkündür. Hətta videoqeyd də, xüsusilə geniş yayılmış avtomobil modellərində, nəqliyyat vasitəsini dəqiq müəyyənləşdirmək üçün hər zaman kifayət etmir. Kuzov üzərində qalan fiziki iz isə sonradan avtomobilin identifikasiyası ehtimalını artırır.
Maraqlıdır ki, Polşada bu üsul tətbiq edilmir. Bunun səbəbi avtomobilin üzərində cinayətə aid ola biləcək izlərin təsadüfən zədələnməsi riskidir.
Bununla yanaşı, İspaniya və Böyük Britaniyada polis əməkdaşları bəzən sürücü ilə söhbət zamanı avtomobilin və ya motosikletin damına əllərini qoyurlar. Kənardan baxdıqda bu, adi hərəkət təsiri bağışlayır.
Bir vaxtlar dünyanın əksər ölkələrində nəqliyyat vasitələri yolun sol tərəfi ilə hərəkət edirdi. Bunun əsas səbəbi insanların çoxunun sağ əlli olması idi.
Dəyişiklik Fransa inqilabından sonra baş verdi. Fransa qanunvericiliklə sağtərəfli hərəkəti tətbiq etdi və bu qərar qismən Böyük Britaniyadan fərqlənmək məqsədi daşıyırdı. Sonradan Avropanın bir çox ölkəsi bu sistemi qəbul etdi və avtomobil sənayesinin inkişafı ilə sağtərəfli hərəkət geniş yayıldı.
Bununla belə, Böyük Britaniya və onun keçmiş müstəmləkələrinin bir qismində, o cümlədən Hindistan, Avstraliya, Cənubi Afrika və Yeni Zelandiyada soltərəfli hərəkət sistemi bu gün də qüvvədə qalır.
Samir


