Alimlər "zombi qarışqa" göbələyini parazitləşdirən yeni orqanizm aşkar etdi

DÜNYA
22:36 / 01.07.2026
46

Alimlər qarışqaları "zombiyə" çevirən məşhur “Ophiocordyceps” göbələyini parazitləşdirən yeni göbələk növü aşkar ediblər. 

HİT.az xəbər verir ki, tədqiqatın nəticələri “Phytotaxa” elmi jurnalında dərc olunub.

Araşdırmaya Malayziyanın Sabah Universitetinin Tropik Biologiya və Təbiətin Mühafizəsi İnstitutunun direktor müavini Caya Silan Satiya Silan rəhbərlik edib.

“Ophiocordyceps” göbələyi qarışqanın sinir sistemini idarə edən bioloji aktiv maddələr ifraz edir. Bunun nəticəsində qarışqa yüksək bitkilərin yarpaqlarına qalxır, orada ölür və daha sonra göbələyin sporları onun baş hissəsindən yayılır.

Alimlər isə bu göbələyi parazitləşdirən yeni növ aşkar edərək onu "hiperparazit" adlandırıblar.

Yeni növ “Pleurocordyceps cornusynnemata” adlandırılıb. O, bir neçə il əvvəl Malayziyanın Sabah ştatındakı Danum vadisində entomopatogen göbələklərin öyrənilməsi zamanı toplanmış nümunələr əsasında təsvir edilib.

Növün adındakı “cornu” latınca “buynuz” mənasını verir və hiperparazitin buynuzabənzər quruluşuna işarə edir. “Synnemata” isə spor əmələ gətirən göbələk strukturlarını ifadə edir.

Tədqiqat rəhbəri bildirib ki, “Pleurocordyceps” qarışqanın sinir sisteminə təsir göstərmir. Əvəzində o, ev sahibinin daxilinə nüfuz edərək “Ophiocordyceps” göbələyinin toxumaları ilə qidalanır.

Onun sözlərinə görə, hiperparazitizm Yer üzündə yeni hadisə deyil və təxminən 200 milyon il əvvəl, Yura dövründə yaranıb. Bununla belə, yeni aşkar edilən növ buynuzabənzər quruluşa malik ilk məlum nümayəndə hesab olunur.

Hiperparazitlər başqa parazitlər üzərində yaşayan və onlardan qidalanan orqanizmlərdir. Alimlərin sözlərinə görə, onlar yalnız ekosistemlərdə mühüm rol oynamır, həm də insanlar üçün faydalı ola bilirlər.

Məsələn, “Coniothyrium minitans” adlı göbələk hiperparaziti paxlalı bitkilərdə ağ çürümə xəstəliyinə səbəb olan “Sclerotinia sclerotiorum” patogeni ilə qidalanır və kənd təsərrüfatında bioloji mübarizə vasitəsi kimi istifadə perspektivinə malikdir.

Samir

0