Asiyanın "ən təmiz kəndi"ndə turistlərin bazar günləri girişinə qadağa qoyulub: Səbəb nədir?

DÜNYA
19:19 / 01.07.2026
48

Hindistanın şimal-şərqində yerləşən və "Asiyanın ən təmiz kəndi" kimi tanınan Molinnonq kəndində 2026-cı ilin yanvarından etibarən bazar günləri birgünlük turistlərin girişinə qadağa tətbiq olunur. 

HİT.az u barədə BBC məlumat yayıb.

Banqladeş sərhədindən bir neçə kilometr aralıda, Meqalaya ştatında yerləşən kənddə təxminən 600 nəfər yaşayır. Şənbə günləri isə bura 1000-ə qədər turist gəlir. Onlar baxımlı küçələri gəzərək, gül-çiçək arasında şəkillər çəkdirir və kəndin həqiqətən də "Asiyanın ən təmiz kəndi" adını doğruldub-doğrultmadığını görmək istəyirlər.

Lakin bu ildən etibarən kəndə aparan yeganə yolun girişindəki qara metal qapılar hər bazar günü bağlanır və yerli sakinlər növbə çəkərək birgünlük turistlərin kəndə daxil olmasına icazə vermirlər. Gəlir itkisinə baxmayaraq, kənd sakinləri bu qərarın arxasında dayandıqlarını bildirirlər.

Onların sözlərinə görə, məqsəd həftədə heç olmasa bir gün "əsl kənd həyatına" qayıtmaqdır.

2003-cü ildə "Discover India" jurnalı Molinnonqu "Asiyanın ən təmiz kəndi" elan etmişdi. Hindistanda uzun illər sanitariya problemlərinin mövcud olduğu bir dövrdə bu titul böyük maraq doğurmuşdu.

Kənddə təmizlik uzun illərdir həyat tərzinə çevrilib. Uşaqlar kiçik yaşlarından küçələrin təmiz saxlanılmasına alışdırılır. Onlar hər səhər məktəbə getməzdən əvvəl küçələri süpürür, zibil qablarını boşaldır, sakinlər isə üzvi tullantıları özləri utilizasiya edir və ictimai ərazilərə müntəzəm qulluq göstərirlər.

2014-cü ildə Hindistanın Baş naziri Narendra Modi "Təmiz Hindistan" kampaniyasına başlayarkən radio müraciətində Molinnonqu nümunə göstərmişdi.

"Yerli sakinlər üçün təmizliyi qorumaq artıq vərdişə çevrilib. Bu göstərir ki, vətəndaşların səyi ilə bütün ölkə daha təmiz ola bilər", deyə Modi bildirmişdi.

Turizmin inkişafı kənd sakinlərinin həyatını da dəyişib. Bir çox ailə kənd təsərrüfatını tərk edərək qonaq evləri, restoranlar və suvenir mağazaları açıb. Turist avtobusları üçün dayanacaq, çayxanalar və ticarət köşkləri yaradılıb.

Lakin sosial şəbəkələrin təsiri ilə turist axınının daha da artması kənd komitəsini müəyyən məhdudiyyətlər tətbiq etməyə vadar edib.

Əsas səbəblərdən biri kənd əhalisinin böyük əksəriyyətinin xristian olmasıdır. Sakinlər bildirirlər ki, bazar günü onlar kilsəyə gedərək ibadətlərini sakit şəkildə yerinə yetirmək istəyirlər.

Kənd komitəsinin üzvü Preşes Honqdupun sözlərinə görə, qərar həm icmanın mədəni kimliyini, həm də kəndi məşhur edən nizam-intizamı qorumağa xidmət edir.

"Bizim istirahətə ehtiyacımız var. Həftədə heç olmasa bir gün turistlər gəlməyəndə öz doğma kənd həyatımıza qayıda bilirik", deyə o bildirib.

Kənd sakini Festival Harrimba da bu qərarı dəstəkləyir. O, məşhur bambuk körpüsünü ziyarət edən turistlərdən simvolik ödəniş toplasa da, bazar günləri kilsəyə rahat gedə bildiyini və bunun onun üçün daha vacib olduğunu deyib.

Qadağa yalnız birgünlük ziyarətçilərə şamil edilir. Şənbə günü kəndə gələrək gecələyən və bazar günü də qalan turistlər isə istisna təşkil edir.

Yerli sakinlərin sözlərinə görə, turizm kəndin rifahını əhəmiyyətli dərəcədə artırıb. Əgər əvvəllər bir çox ailə saman damlı evlərdə yaşayırdısa, indi turizmdən əldə olunan gəlirlər hesabına müasir beton evlər tikilib. Bununla yanaşı, icma hesab edir ki, iqtisadi fayda ilə yanaşı, dini və mədəni dəyərlərin qorunması da eyni dərəcədə vacibdir.

Samir
 

0