Rusiya Prezidenti Vladimir Putin bütün diqqətini Ukraynaya qarşı müharibəyə və onu yalnız maksimalist şərtlərlə başa çatdırmaq məqsədinə yönəldib. Nəşrin qiymətləndirməsinə görə, bu mövqe ölkədə artan ictimai narazılığa baxmayaraq dəyişmir.
HİT.az xəbər verir ki, bu barədə "Financial Times" yazıb.
Qəzetin məlumatına əsasən, Putinin Rusiya ordusunun müharibədə üstünlük qazandığını bildirən davamlı açıqlamaları artıq cəmiyyətin bir hissəsində narazılıq doğurur. Nəşrin istinad etdiyi sorğunun nəticələrinə görə, Putinə etimad səviyyəsi 69 faizə enib ki, bu da 2022-ci ildə müharibənin başlanmasından bəri ən aşağı göstərici kimi təqdim olunur.
Moskvalı politoloq Andrey Kolesnikovun sözlərinə görə, Rusiya prezidentinin ictimaiyyəti sakitləşdirməyə yönəlmiş çıxışları "mantra" təsiri bağışlayır və sanki o, hər şeyin qaydasında olduğuna ilk növbədə özünü inandırmağa çalışır.
Politoloq hesab edir ki, Putinin Ukraynanın atəşkəs təklifini rədd etməsi onun münaqişənin sülh yolu ilə həlli variantlarını qəbul etmədiyini göstərir.
Kolesnikov bildirib ki, bu, güzəştlərə getmək niyyətinin olmadığını nümayiş etdirir və hətta bunun özü üçün mənfi nəticələr doğuracağı halda belə mövqeyini dəyişməyəcəyinə işarə edir.
Politoloqun fikrincə, rus cəmiyyətində müharibədən yaranan yorğunluq artıq qəzəb mərhələsinə keçib, lakin bu narazılıq özünü açıq şəkildə ifadə edə bilmir. Onun sözlərinə görə, insanlar internet məhdudiyyətləri, yanacaq çatışmazlığı və digər problemlər fonunda gündəlik həyatlarını davam etdirməyə çalışırlar.
Məqalədə qeyd olunur ki, Kreml Putini hakim "Vahid Rusiya" partiyası ilə daha sıx əlaqələndirmək istiqamətində diqqətçəkən addım atıb. Partiya bazar günü keçirilən qurultayında 2007-ci ildən sonra ilk dəfə özünü "Prezidentin partiyası" adlandırıb.
Rusiyadakı müharibə tərəfdarı bloqçular haqqında kitabın müəllifi İvan Filippov bu qərarın Putinin siyasi təcridinin daha da dərinləşdiyini göstərdiyini bildirib.
Onun fikrincə, cəbhədə vəziyyətin çıxılmaz olduğu, ölkədə yanacaq çatışmazlığının yaşandığı, neft emalı zavodları və hərbi sənaye müəssisələrinin mütəmadi hücumlara məruz qaldığı şəraitdə Putinin ölkənin ən populyar olmayan partiyasının simasına çevrilməsi yalnız "paralel reallıqda yaşayan" şəxsin qəbul edə biləcəyi qərardır.
Samir


