Ukrayna Avropa Sülh Fondundan milyardlarla avro ala bilər

DÜNYA
21:57 / 01.07.2026
43

Ukrayna Avropa İttifaqını Avropa Sülh Fondu (European Peace Facility) çərçivəsində mövcud olan 6,6 milyard avro vəsaiti ölkənin hərbi ehtiyaclarının maliyyələşdirilməsinə yönəltməyə çağırıb. 

HİT.az xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Mixaylo Fedorovun məktubuna istinadən "Reuters" agentliyi məlumat yayıb.

Məktubda qeyd olunur ki, Kiyev bu vəsaitin döyüş meydanında mütəxəssislərin qiymətləndirməsinə görə altı-doqquz ay davam edə biləcək "imkan pəncərəsindən" istifadə etməyə şərait yaradacağına inanır.

Məlumata görə, Ukraynanın 2026-cı il üçün müdafiə sahəsində ümumi maliyyə tələbatı təxminən 136 milyard avro təşkil edir. Bu məbləğin 53 milyard avrosu dövlət büdcəsi hesabına qarşılanır. Qalan hissənin təmin edilməsi üçün isə ölkənin genişmiqyaslı beynəlxalq maliyyə dəstəyinə ehtiyacı var.

Bu yaxınlarda Avropa İttifaqı Ukraynanın dövlət büdcəsinin xüsusi fonduna 3,8 milyard avro həcmində ilk müdafiə dəstəyi tranşını köçürüb. Vəsait "Ukraine Support Loan" adlı yeni maliyyə aləti çərçivəsində ayrılıb.

Bildirilir ki, bu vəsait Ukraynada pilotsuz uçuş aparatlarının istehsalının artırılmasına, müdafiə-sənaye kompleksinin imkanlarının genişləndirilməsinə və cəbhədəki hərbçilərin təxirəsalınmaz ehtiyaclarının təmin edilməsinə sərf olunacaq.

Bundan əvvəl isə Avropa İttifaqı ümumi həcmi 90 milyard avro olan kredit proqramı çərçivəsində Ukraynaya 3,2 milyard avro məbləğində ilk tranşı təqdim etmişdi.

Ukraynanın baş naziri Yuliya Sviridenkonun sözlərinə görə, həmin vəsait ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi və sosial dayanıqlılığının təmin olunmasına yönəldiləcək.

Samir

0