Polşa prezidentinin administrasiyası Ukrayna prezidenti Volodimir Zelenskinin Milli Panteonun yaradılması ilə bağlı qanun layihəsi təqdim etməsini ikitərəfli münasibətlərdə gərginliyi artıran növbəti addım kimi qiymətləndirib.
HİT.az xəbər verir ki, bu barədə Polşa prezidenti Karol Navrotskinin administrasiyasının “X” sosial şəbəkəsində yayımlanan bəyanatında deyilir.
Bəyanatda qeyd olunur ki, Polşa tərəfi bu təşəbbüsü “Ukrayna hakimiyyətinin eskalasiya xarakterli hərəkətlərinin növbəti mərhələsi” hesab edir və bunu may ayının sonunda Ukrayna Silahlı Qüvvələrinin bölmələrindən birinə “UPA qəhrəmanları” adının verilməsi ilə bağlı qərarla əlaqələndirir.
“Prezident Zelenski Milli Panteon haqqında qanunun təqdim olunacağını elan edib - bu, Ukrayna hakimiyyətinin eskalasiya xarakterli hərəkətlərinin növbəti mərhələsidir. Bu, mayın sonunda hərbi bölmələrdən birinə ‘UPA qəhrəmanları’ adının verilməsi qərarından sonra baş verib”, deyə Polşa prezident administrasiyasının bəyanatında bildirilir.
Polşa tərəfi həmçinin Navrotskinin daha əvvəl Zelenskini “Ağ Qartal” ordenindən məhrum etmək niyyətini açıqlamasını da müdafiə edib və bunun doğru addım olduğunu vurğulayıb.
“Göründüyü kimi, hakim dairələrdən gələn tənqid dalğasına baxmayaraq, prezidentin mövqeyi haqlıdır və Polşa maraqlarını qətiyyətlə müdafiə etmək düzgün yanaşmadır”, deyə bəyanatda qeyd olunub.
Ukrayna–Polşa münasibətləri ilə bağlı son xəbərlərə görə, prezident Navrotskinin ətrafında Zelenski ilə təmasların məhdudlaşdırılması ehtimalı da müzakirə olunur. Ukrayna Prezident Ofisinin rəhbəri Kirilo Budanov isə bildirib ki, iki ölkə arasındakı gərginlik hələ pik həddə çatmayıb, lakin daha da kəskinləşə bilər.
Qeyd edək ki, Ukrayna Milli Panteonu – müxtəlif tarixi dövrlərdə Ukrayna uğrunda döyüşmüş, canını fəda etmiş və xalqı ruhlandıran görkəmli şəxsiyyətlərin xatirəsinin əbədiləşdiriləcəyi və dəfn ediləcəyi xüsusi milli memorial kompleksdir.
Samir


