Parisdə turistlərin ən çox yol verdiyi 5 səhv açıqlandı

DÜNYA
22:53 / 02.07.2026
46

Parisi ziyarət edən bir çox turist qısa müddətdə mümkün qədər çox yer görməyə çalışdığı üçün gözləntilərinin tam qarşılanmadığını hiss edir. 

HİT.az xəbər verir ki, "Business Insider" üçün yazan, bir neçə il Parisdə təhsil almış və şəhərdə ekskursiyalar təşkil etmiş Ketrin Fipps turistlərin ən çox yol verdiyi səhvləri sadalayıb.

Onun sözlərinə görə, Eyfel qülləsi Parisə səfərin əsas səbəblərindən biri olsa da, bu əraziyə yaxın yerləşən hotellər adətən daha bahalı olur. Müəllif şəhərin şərq rayonlarında qalmağı tövsiyə edir. Bu ərazilər daha sakit mühitə malikdir, restoran, bar və kafelərin seçimi genişdir, əsas görməli yerlərə isə ictimai nəqliyyatla rahat çatmaq mümkündür.

Fipps qeyd edir ki, turistlər uzun növbələrdə gözlədikdən sonra Eyfel qülləsinə qalxarkən bəzən gözlədikləri mənzərəni əldə etmirlər. Qüllənin zirvəsindən şəhərə panoramik baxış mümkün olsa da, Parisin əsas simvolu olan Eyfel qülləsinin özü görünmür. Bundan əlavə, səhər dumanı və ya yağış görüntünü xeyli məhdudlaşdıra bilər.

Onun fikrincə, şəhəri seyr etmək üçün Monparnas qülləsi və ya "Printemps" univermağının dam terrasına qalxmaq daha uğurlu seçimdir. Bu məkanlardan həm Paris panoramasını, həm də Eyfel qülləsini eyni vaxtda izləmək mümkündür. Xüsusilə axşam saatlarında qüllənin hər saatın əvvəlində beş dəqiqə ərzində minlərlə işıqla parıldaması möhtəşəm mənzərə yaradır.

Mütəxəssis turistlərə restoran seçərkən yalnız sosial şəbəkələrdəki cəlbedici fotolara aldanmamağı da məsləhət görür. Onun sözlərinə görə, dekorativ bəzədilmiş məkanlarda qiymətlər yüksək, yeməklərin keyfiyyəti isə gözlənildiyi qədər yaxşı olmaya bilər. Əsl Paris atmosferini hiss etmək üçün kiçik ailə restoranlarını, yerli kafeləri və ərzaq bazarlarını seçmək daha məqsədəuyğundur.

Fipps Fransada etiket qaydalarına əməl etməyin də vacibliyini vurğulayır. Onun sözlərinə görə, mağaza, kafe və ya restorana daxil olarkən sadəcə "bonjour" ("salam", "günaydın") demək yerli sakinlərə hörmət əlaməti hesab olunur və ünsiyyətin daha səmimi qurulmasına kömək edir.

Mütəxəssis hesab edir ki, turistlərin daha bir geniş yayılmış səhvi bir gün ərzində mümkün qədər çox görməli yeri ziyarət etməyə çalışmalarıdır. O vurğulayır ki, Parisə səyahət yarış deyil. Şəhərin ruhunu hiss etmək üçün parkda kitab oxumaq, açıq havada sakitcə qəhvə və ya bir qədəh şərab içmək kimi sadə anlardan zövq almaq daha yaddaqalan təcrübə yaradır.

Samir
 

0