Çində 1978-ci ildən həyata keçirilən "Böyük yaşıl divar" layihəsi çərçivəsində 66 milyard ağac əkilib. Layihənin məqsədi Qobi və Taklamakan səhralarının genişlənməsinin qarşısını almaqdır.
HİT.az xəbər verir ki, "Live Science" nəşrinin yazdığına görə, yeni araşdırma bu layihə çərçivəsində salınmış meşələrin təbii meşələrlə müqayisədə daha sürətlə inkişaf etdiyini göstərib.
Tədqiqatçılar təbii və süni salınmış meşələr arasındakı fərqləri öyrənmək üçün peyk məlumatlarından istifadə ediblər. Onlar ağac örtüyünün sıxlığını və karbonun udulmasında mühüm rol oynayan yarpaq sahəsi indeksini təhlil edərək müxtəlif meşələrin inkişaf sürətini müqayisə ediblər.
Araşdırmanın nəticələrinə əsasən, insanlar tərəfindən salınmış meşələrdə yarpaq örtüyü təbii meşələrlə müqayisədə 66 faiz daha sürətlə artıb.
Alimlər bunu ilk növbədə süni meşələrin daha gənc olması ilə izah edirlər. Gənc ağaclar yaşlı ağaclarla müqayisədə daha sürətlə böyüyür. Bununla belə, eyni yaşda və oxşar şəraitdə olan meşələr müqayisə edildikdə də süni salınmış meşələrin inkişaf sürəti təxminən 4,6 faiz daha yüksək olub. Bu fərq xüsusilə qarışıq və həmişəyaşıl meşələrdə daha qabarıq müşahidə edilib.
Mütəxəssislərin sözlərinə görə, süni meşələrdə adətən evkalipt və qovaq kimi sürətlə böyüyən ağac növləri üstünlük təşkil edir. Bundan əlavə, bu meşələrdə müntəzəm qulluq aparılır, rəqabət yaradan bitkilər təmizlənir və bəzi hallarda ağaclar gübrələnir. Bu tədbirlər ağacların işıq, su və qida maddələri uğrunda rəqabətini azaldır, eyni zamanda atmosferdə karbon qazının artmasının yaratdığı inkişaf üstünlüyünü gücləndirir.
Araşdırmaya görə, bu üstünlük ağaclar təxminən 30–40 yaşına çatdıqda maksimum həddə olur, 40 yaşdan sonra isə tədricən azalır. Təbii meşələr daha yavaş inkişaf etsə də, uzunmüddətli perspektivdə daha sabit böyümə nümayiş etdirir.
Tədqiqat müəlliflərindən Yuxan Luonun sözlərinə görə, süni salınmış meşələr qısamüddətli dövrdə karbonun udulması baxımından təsirli vasitə ola bilər. Lakin bu üstünlük daimi deyil. O vurğulayıb ki, karbonun uzunmüddətli saxlanılması və ekosistemlərin sabitliyi baxımından təbii meşələr əvəzolunmaz olaraq qalır.
Qeyd edək ki, Afrikada da Sahara səhrasının genişlənməsinin qarşısını almaq məqsədilə "Böyük yaşıl divar" layihəsi həyata keçirilir. Layihə Cibutidən Seneqala qədər təxminən 8 min kilometr uzunluğunda yaşıllıq zolağının yaradılmasını nəzərdə tutur
Samir


