Yapon torpedası ABŞ-ın desant gəmisini necə batırdı?

DÜNYA
20:17 / 02.07.2026
43

Sakit okeanda iyunun 22-dən iyulun 1-dək keçirilən "Valiant Shield" genişmiqyaslı hərbi-dəniz təlimləri zamanı ABŞ Hərbi Dəniz Qüvvələrinin istismardan çıxarılmış "USS Juneau" (LPD-10) desant-dok gəmisi təlim məqsədli "SINKEX" ssenarisi çərçivəsində batırılıb.

HİT.az xəbər verir ki, ABŞ Hərbi Dəniz Qüvvələrinin məlumatına görə, gəmi Marian adaları sahillərindən 200 dəniz milindən çox məsafədə Yaponiyanın Özünümüdafiə Dəniz Qüvvələrinə məxsus sualtı qayığın buraxdığı torpedanın zərbəsindən sonra suya qərq olub.

ABŞ Hərbi Dəniz Qüvvələrinin 5-ci Aviadaşıyıcı Zərbə Qrupu və 70-ci Operativ Qrupunun komandanı, kontr-admiral Erik Anduze bildirib ki, təlimlər müttəfiq qüvvələrə real şəraitə yaxın mühitdə birgə fəaliyyət bacarıqlarını təkmilləşdirmək imkanı verib.

“Bu "SINKEX" təlimi müxtəlif əməliyyat sahələrində imkanlarımızı birləşdirmək, yüksək intensivlikli dəniz əməliyyatları üçün tələb olunan dəqiqlik və koordinasiyanı inkişaf etdirmək baxımından komandamız üçün mühüm təcrübə oldu”, – o deyib.

ABŞ Hərbi Dəniz Qüvvələrinin məlumatına əsasən, "Valiant Shield" hər iki ildən bir keçirilən çoxtərəfli hərbi təlimdir. Təlimlərdə ABŞ, Yaponiya, Avstraliya, Kanada və Yeni Zelandiya iştirak edir. Məqsəd dəniz, hava, quru, kosmos və kiberməkanda birgə əməliyyatların əlaqələndirilməsini məşq etməkdir.

1969-cu ildə istismara verilmiş "USS Juneau" Vyetnam müharibəsində və "Səhrada tufan" əməliyyatında iştirak edib. Gəmi 2008-ci ildə istismardan çıxarılıb və sonradan hərbi təlimlərdə hədəf kimi istifadə olunub.

Batırılmazdan əvvəl gəmi ekoloji təhlükəsizlik prosedurlarından keçirilib. Bu zaman onun üzərindəki yanacaq, təhlükəli maddələr və digər çirkləndirici materiallar çıxarılıb. ABŞ Hərbi Dəniz Qüvvələri prosesin ekoloji təhlükəsizlik üzrə mütəxəssislərin nəzarəti altında həyata keçirildiyini bildirib.

Torpeda zərbəsindən sonra "USS Juneau" batırılaraq Sakit okean regionunda müttəfiq qüvvələrin döyüş hazırlığı üzrə növbəti təlim mərhələsinin bir hissəsinə çevrilib.

Samir
 

0