Muzey arxivində unudulan 82 milyon illik sirrin üstü açıldı

DÜNYA
18:59 / 02.07.2026
54

Təxminən 40 il əvvəl Antarktidada aşkar edilən və uzun müddət muzey arxivində saxlanılan fosilin "Titanosauria" ailəsinə aid dinozavrın quyruq fəqərəsi olduğu müəyyən edilib. Kəşf Antarktikanın milyonlarla il əvvəlki iqlimi və canlı aləmi barədə yeni məlumatlar təqdim edir.

HİT.az xəbər verir ki, 1985-ci ildə "British Antarctic Survey" ekspedisiyası zamanı toplanan nümunələr arasında olan bu qalıq uzun illər adi qaya parçası və ya dəniz sürünəninə aid fosil hesab edilərək arxivdə saxlanılıb.

Kembricdə yerləşən "British Antarctic Survey"nin geologiya kolleksiyasında unudulmuş vəziyyətdə qalan sümüyün əsl kimliyi yalnız müasir analiz üsulları sayəsində müəyyən edilib. Tədqiqatlar göstərib ki, bu, nəhəng "Titanosauria" ailəsinə mənsub dinozavrın quyruq fəqərəsidir.

Fosil "Santa Marta" geoloji formasiya qatından əldə edilib və Təbaşir dövrünün son mərhələsinə – təxminən 82 milyon il əvvələ aiddir.

Alimlərin sözlərinə görə, həmin dövrdə Antarktika indiki kimi buzlaqlarla örtülü deyildi. Əksinə, burada mülayim iqlimə malik meşələr mövcud idi və nəhəng ot yeyən dinozavrlar yaşayırdı.

London Təbiət Tarixi Muzeyinin professoru Pol Barrett bildirib ki, buzlaqların əriməsi gələcəkdə Antarktidada daha çox dinozavr fosilinin aşkar olunmasına imkan yarada bilər.

Fosil sahil qayalıqlarında doktor Mayk Tomson tərəfindən aşkar edilib və bölgədə vaxtilə iri ot yeyən dinozavrların yaşadığını təsdiqləyən ən mühüm sübutlardan biri hesab olunur.

Kolleksiya kuratoru doktor Mark Evansın apardığı araşdırmaya görə, sümük nəhəng ölçülərə çata bilən "Titanosauria" ailəsinə aid olsa da, tapıntının 6–7 metr uzunluğunda olan cavan və ya cırtdan fərdə məxsus olduğu ehtimal edilir.

Alimlər hesab edirlər ki, bu kəşf dinozavrların Cənub yarımkürəsindəki materiklər arasında miqrasiya marşrutlarının öyrənilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Məlum olduğu kimi, Antarktika həmin dövrdə supermaterik Qondvananın tərkib hissəsi idi. Vulkanik aktivlik və mülayim iqlim sayəsində burada canlıların geniş ərazilərə yayılması üçün əlverişli şərait mövcud olub.

Mütəxəssislər bildirirlər ki, muzey kolleksiyalarında uzun illər diqqətdən kənarda qalmış nümunələr gələcəkdə də elm üçün mühüm kəşflərin mənbəyi ola bilər.

Samir
 

0