Rusiya bu gün Ukraynanın paytaxtı Kiyevə bütün mövcud hücum vasitələrindən istifadə etməklə zərbələr endirib və Suriyanın Hələb şəhərində törədilən dağıntıları təkrarlamağa cəhd göstərib.
HİT.az xəbər verir ki, bu barədə aviasiya eksperti Konstantin Krıvolap "UNIAN"a açıqlamasında bildirib.
Onun sözlərinə görə, Rusiya tərəfi belə hücumlardan sonra Kiyev sakinlərinin şəhəri tərk edəcəyini düşünür.
"Onlar hesab edirlər ki, Kiyev sakinləri sadə nəqliyyat vasitələri ilə şəhəri tərk etməyə başlayacaqlar. Lakin bu baş verməyəcək. Əksinə, belə hücumlardan sonra biz daha da qətiyyətli oluruq və mübarizəni davam etdirəcəyik", deyə ekspert bildirib.
Krıvolap qeyd edib ki, Rusiya hava hücumundan müdafiə sistemlərini həddindən artıq yükləmək məqsədilə qanadlı raketlərdən istifadə edir.
Onun sözlərinə görə, Rusiya əvvəlcə bu raketləri əsas zərbə vasitəsi kimi nəzərdə tuturdu, lakin Ukrayna hava hücumundan müdafiə qüvvələrinin onları effektiv şəkildə vurması bu planın tam həyata keçməsinə mane olub.
Ekspert əlavə edib ki, Rusiya əsasən ballistik raketlərdən istifadə etdiyi istiqamətlərdə müdafiəni yarmağa nail olur, çünki Ukraynanın bu tip raketləri zərərsizləşdirmək üçün kifayət qədər vasitəsi yoxdur.
Krıvolap Ukrayna müdafiə nazirinin müşaviri Serhiy Beskrestnovun ("Flash") açıqlamasına da münasibət bildirib. Beskrestnovun sözlərinə görə, Kiyevə hücum edən "Şahed" pilotsuz uçuş aparatlarının demək olar ki, hamısı 3900–4100 MHz tezlik diapazonunda fəaliyyət göstərib.
Ekspert bunun operator tərəfindən əl ilə idarəetmənin göstəricisi ola biləcəyini istisna etməyib.
"Əgər pilotsuz uçuş aparatı yalnız əvvəlcədən müəyyən edilmiş koordinatlar üzrə hərəkət edirsə və manevr edə bilmirsə, onu radioelektron mübarizə vasitələri ilə sıradan çıxarmaq daha asandır. Lakin operatorla əlaqə saxlayan aparat idarəetmə vasitəsilə marşrutunu dəyişə bilir. Bu, təhlükəli xüsusiyyətdir, amma istifadə olunan tezliklər məlum olduğundan həmin rabitə kanallarını da radioelektron mübarizə vasitələri ilə bloklamaq mümkündür", deyə Krıvolap bildirib.
Ukrayna Silahlı Qüvvələrinin məlumatına görə, iyulun 2-nə keçən gecə Rusiya Ukraynaya müxtəlif tipli zərbə pilotsuz uçuş aparatları, hava, quru və dəniz bazalı raketlərlə genişmiqyaslı kombinə edilmiş hücum həyata keçirib.
Hücumun əsas hədəfi Kiyev olub. Bildirilir ki, eyni vaxtda müxtəlif istiqamətlərdən müxtəlif tipli hava hücum vasitələri, o cümlədən çoxlu sayda ballistik raket və reaktiv pilotsuz uçuş aparatları tətbiq edilib.
İlkin məlumata əsasən, saat 09:00-a olan vəziyyətə görə, 33 müxtəlif nöqtədə 25 ballistik raketin və 12 zərbə pilotsuz uçuş aparatının hədəfə çatdığı, həmçinin vurulmuş pilotsuz uçuş aparatlarının qalıqlarının 18 fərqli əraziyə düşdüyü qeydə alınıb.
Samir


