Dörd ildən artıq davam edən Rusiya-Ukrayna müharibəsi hər iki tərəf üçün ağır insan itkilərinə səbəb olub.
HİT.az xəbər verir ki, ABŞ-ın Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin ("CSIS") hazırladığı və "The New York Times"ın dərc etdiyi araşdırmaya əsasən, müharibə başlayandan bəri hər iki tərəfin ümumi itkiləri 2 milyon nəfəri keçib.
Araşdırmada bildirilir ki, ABŞ və Böyük Britaniya kəşfiyyatının məxfilikdən çıxarılmış məlumatlarına əsasən, itkilərin böyük hissəsi Rusiyanın payına düşür.
Hesabata görə, 2022-ci ilin fevralından indiyədək Rusiya ordusunun ümumi itkiləri təxminən 1,4 milyon nəfər təşkil edib. Bunların təxminən 450 mininin həlak olduğu qeyd edilir.
Ukrayna tərəfinin itkilərinin isə yaralılar da daxil olmaqla 525–625 min nəfər arasında olduğu, həlak olan hərbçilərin sayının 125–150 min nəfər kimi qiymətləndirildiyi bildirilir.
Araşdırma müəllifləri qeyd edirlər ki, Ukrayna ordusunun şəxsi heyəti daha az olduğundan bu itkilər ölkə üçün ciddi təsir yaradır.
"CSIS"in məlumatına görə, 2026-cı ildə Rusiya ordusu hər ay 30–34 min nəfər itki verir. Eyni zamanda, aylıq maksimum yeni cəlbetmə göstəricisinin təxminən 27 min nəfər olduğu bildirilir.
Hesabat müəllifləri hesab edirlər ki, bu tendensiya Rusiyanın insan resurslarının tədricən azalmasına səbəb olur.
Hesabatda bildirilir ki, 2026-cı ilin yaz aylarında Ukrayna Silahlı Qüvvələri cənub istiqamətində əks-hücuma keçərək bəzi ərazilərə nəzarəti bərpa edib.
Araşdırmada həmçinin qeyd olunur ki, Ukrayna pilotsuz uçuş aparatları ilə Rusiyanın neft emalı müəssisələrinə və hərbi obyektlərinə zərbələri artırıb.
Materialda ABŞ Prezidenti Donald Trampın Fransada keçirilən son sammit zamanı münaqişə ilə bağlı açıqlamasına da yer verilib. Bildirilir ki, Tramp ABŞ-nin münaqişədə birbaşa tərəf olmadığını və ölkəsinin əsasən silah satışı həyata keçirdiyini bəyan edib.
Araşdırmanın həmmüəllifi Set C. Consun sözlərinə görə, Rusiya 2022-ci ildən bəri ən çətin dövrlərindən birini yaşayır və müharibənin iqtisadi, sosial və hərbi nəticələri ölkə daxilində daha aydın hiss olunur.
Məqalədə həmçinin Ukrayna mənbələrinə istinadən Bryansk vilayətində bəzi Rusiya radar sistemlərinin sıradan çıxarıldığı və bunun uzaqmənzilli pilotsuz uçuş aparatlarının Moskva istiqamətində fəaliyyətini asanlaşdırdığı iddia olunur.
Bundan başqa, "Astra" "Telegram" kanalı Moskvanın Çertanovo rayonundakı yaşayış kompleksinin damında hava hücumundan müdafiə sisteminin yerləşdirildiyini bildirib. "OSINT" analitiklərinin ehtimalına görə, burada "Pantsir-SMD-E" zenit-raket kompleksi quraşdırılıb.
Samir


