ABŞ Prezidenti Donald Trampın Ukrayna üzrə keçmiş xüsusi nümayəndəsi, istefada olan üçulduzlu general Kit Kelloq "TVP World" telekanalına müsahibəsində Ukrayna Silahlı Qüvvələrinin döyüş meydanındakı fəaliyyətini yüksək qiymətləndirib və bu qarşıdurmada Ukraynanın üstünlük əldə etdiyini düşündüyünü bildirib.
HİT.az-ın məlumatına görə, 2025-ci ilin dekabrınadək Vaşinqtonda Ukrayna istiqamətinə cavabdeh olan Kelloq bildirib ki, uzun müddət davam edən mövqe müharibəsindən sonra cəbhədə dinamika Ukraynanın xeyrinə dəyişməyə başlayıb.
"2023-cü ildən bəri ilk dəfədir ki, ukraynalıların həqiqətən də ruslar üzərində üstünlük qazandığını görürsünüz. Bu gün seçim etməli olsam, Ukraynaya üstünlük verərdim", deyə general bildirib.
Kelloqun sözlərinə görə, vəziyyətin dəyişməsində əsas rol Ukraynanın Rusiyanın neft və logistika infrastrukturuna endirdiyi uzaqmənzilli zərbələrə məxsusdur. Onun fikrincə, bu hücumlar nəticəsində, xüsusilə ilhaq edilmiş Krım yarımadasında Rusiya qüvvələri üçün yanacaq çatışmazlığı yaranıb.
General hesab edir ki, cəbhədə əldə olunan uğurlar Ağ evin müharibəyə münasibətinə də təsir göstərə bilər.
"Prezident Tramp qalibləri sevir", deyə Kelloq bildirib və əlavə edib ki, döyüş meydanında real nəticələrin nümayiş etdirilməsi ABŞ-nin Ukraynaya dəstəyinin davam etməsi üçün mühüm arqumentdir.
O, eyni zamanda Avropa ölkələrini də müdafiə sahəsində daha fəal olmağa çağıraraq bildirib ki, müharibə Avropanın təhlükəsizlik mühitində baş verdiyi üçün Avropa İttifaqı müdafiə istehsalını genişləndirməli və daha böyük məsuliyyət götürməlidir.
Kelloq Tramp administrasiyasını müharibəni yalnız biznes yanaşması ilə həll etməyə çalışmaqdan çəkindirib. Onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin bazar prinsipləri ilə deyil, təhlükəsizlik və kəşfiyyat strukturlarının məntiqi ilə hərəkət edir.
"Putin keçmiş DTK əməkdaşıdır və bu düşüncə tərzi dəyişmir", deyə general vurğulayıb.
Kelloq hesab edir ki, Ukraynanın döyüş meydanında əldə etdiyi üstünlük davam etdirilməlidir ki, Moskva müharibədə məqsədlərinə nail ola bilməyəcəyini qəbul etsin.
Samir

