Rusiya təxminən 19 ay davam edən dron əməliyyatları zamanı NATO-nun hava hücumundan müdafiə sistemlərindəki boşluqları sistemli şəkildə xəritələyib.
HİT.az xəbər verir ki, bu barədə "Financial Times" yazıb.
Məlumata əsasən, bu fəaliyyət ondan çox NATO ölkəsində və İrlandiyada müşahidə olunan dron insidentlərini əhatə edib. Ekspertlər bildirirlər ki, bu insidentlər ayrı-ayrı hadisələr kimi görünsə də, ümumi mənzərə koordinasiyalı bir əməliyyata işarə edir.
Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun (IISS) araşdırmasına istinad edən FT yazır ki, kampaniya NATO ölkələrinin yalnız texniki müdafiə zəifliklərini deyil, həm də hüquqi və operativ cavab mexanizmlərindəki boşluqları üzə çıxarıb.
Məqalədə iddia olunur ki, bəzi hallarda Rusiyaya məxsus kommersiya gəmiləri, xüsusilə “kölgə donanması”na aid tankerlər, dronların buraxılması, idarə olunması və ya siqnal ötürülməsi üçün platforma kimi istifadə oluna bilərdi. Bu isə hələlik rəsmi şəkildə təsdiqlənməyib.
Araşdırmada qeyd edilir ki, bir çox Avropa ölkəsi insidentlərə fərdi yanaşıb və Rusiyanı açıq şəkildə ittiham etməkdə ehtiyatlı davranıb. Bu da vahid cavab mexanizminin formalaşmasını çətinləşdirib.
Məlumata görə, 2025-ci ildə Kopenhagendə hava limanının dronlara görə müvəqqəti bağlanması, Niderlandda Volkel aviabazası üzərində müşahidə olunan uçuşlar və Böyük Britaniya, Almaniya, Belçika və Fransa ərazisindəki hərbi obyektlər yaxınlığında qeydə alınan insidentlər bu kampaniyanın tərkib hissəsi kimi qiymətləndirilir.
IISS ekspertləri bildirirlər ki, NATO-nun mövcud hava hücumundan müdafiə sistemləri əsasən təyyarə və raketlərə qarşı nəzərdə tutulub və ucuz, aşağı sürətli dronlara qarşı kifayət qədər effektiv deyil.
Rusiya isə ittihamları rədd edir və Kreml sözçüsü Dmitri Peskov “Bizim bununla nə əlaqəmiz var?” ifadəsi ilə iddiaları təkzib edib.
Mütəxəssislərin fikrincə, bu vəziyyət Avropa ölkələrini dronlara qarşı müdafiə sistemlərini yenidən qurmağa və hüquqi çərçivələri sərtləşdirməyə məcbur edir.
Samir


