Polşada ukraynalı qaçqınlar üçün pulsuz yaşayış qaydalarının sərtləşdirilməsi minlərlə insanın evsiz qalmasına səbəb ola bilər.
HİT.az xəbər verir ki, bu barədə "The Telegraph" yazıb.
Yeni qaydalara əsasən, ukraynalıların böyük əksəriyyəti artıq dövlət tərəfindən maliyyələşdirilən yaşayış mərkəzlərində pulsuz qala bilməyəcək. Onlar ya kirayə haqqını özləri ödəməli, ya da öz imkanları hesabına yaşayış tapmalıdırlar.
Ən ciddi risk qrupuna yaşlı insanlar, əlilliyi olan şəxslər və işləmək imkanından məhrum olan digər həssas kateqoriyalar daxildir.
Məqalədə qeyd olunur ki, bu dəyişikliklər xüsusilə 70 yaşdan yuxarı qaçqınlara ciddi təsir göstərir. Onlardan biri olan 74 yaşlı Konstantin Kostetski və 70 yaşlı həyat yoldaşı Polşanın Qojuv-Velkopolski şəhərindəki qaçqın mərkəzində yaşayır. Onlar bildirirlər ki, yeni qaydalar səbəbindən gələcəkləri qeyri-müəyyən qalır.
Kostetski deyib: “Bizim planımız yoxdur və nə edəcəyimizi bilmirik. Gənclər işləyə bilər, amma bizim yaşımızda bu mümkün deyil…”
Onun sözlərinə görə, cütlük Ukrayna pensiyası alır, lakin bu vəsait Polşada yaşamaq üçün kifayət etmir.
Mərkəz rəhbərliyinin bildirdiyinə görə, hazırda orada təxminən 70 yaşlı ukraynalı yaşayır və onların dərhal köçürülməsi real çətinlik yaradır.
Digər bir problem isə mənzil kirayəsi ilə bağlıdır. Bəzi ukraynalılar işlə təmin olunsalar da, ev sahiblərinin milliyyət səbəbilə kirayə verməkdən imtina etdiyi halların olduğu bildirilir.
Məlumata görə, Polşa hökuməti bu qərarı qaçqınlara ayrılan dövlət xərclərini azaltmaq məqsədilə qəbul edib. İndiyədək Polşanın ukraynalı qaçqınların dəstəyinə təxminən 40 milyard zlotı xərclədiyi qeyd olunur.
Bununla belə, Polşa Ukraynaya dəstək göstərən əsas ölkələrdən biri olaraq qalır və ölkədə təxminən bir milyon ukraynalı qaçqın yaşayır.
Samir


