Ovunun kəllə sümüyünü sındıra bilir: Bu pişik növü ən güclü dişləmə qüvvəsinə malikdir

DÜNYA
17:30 / 05.07.2026
56

Ölçüləri nəzərə alındıqda yaquarlar bütün böyük pişik növləri arasında ən güclü dişləmə qüvvəsinə malikdir. 

HİT.az xəbər verir ki, bu barədə "BBC Wildlife" məlumat yayıb.

ABŞ-ın Cənubi Karolina Universitetinin alimi Adam Hartstoun-Rouz və həmkarlarının doqquz müxtəlif pişik növünün dişləmə qüvvəsini müqayisə etdiyi araşdırma göstərib ki, yaquarın dişləmə gücü pələngin dişləmə gücünün təxminən dörddə üçü qədərdir.

Lakin yaquarlar pələnglərdən xeyli kiçik olduğuna görə onların dişləmə gücü bədən çəkisinə nisbətdə daha yüksək hesab olunur. Araşdırmada iştirak edən yaquarın çəkisi pələngin çəkisinin təxminən yarısı olub.

“Əgər seçim etmək məcburiyyətində qalsaydınız, yəqin ki, sizi şir və ya pələng deyil, yaquar dişləsin istəyərdiniz. Ancaq bədən çəkisinə nisbətdə müqayisə etdikdə, yaquar daha güclü dişləmə zərbəsi endirir”, deyə Adam Hartstoun-Rouz bildirib.

Alimin sözlərinə görə, yaquarın bu üstünlüyü onun çənə əzələlərinin yerləşməsi ilə bağlıdır. Bu əzələlər bədən çəkisinə nisbətdə digər böyük pişik növlərininkindən bir qədər güclüdür.

“Bundan əlavə, bədən ölçüsü ilə müqayisədə çənəsi bir qədər qısadır. Bu da dişləmə zamanı yaranan qaldırıcı qüvvəni artırır”, deyə alim əlavə edib.

Məqalədə qeyd olunur ki, bu iki kiçik anatomik xüsusiyyət birlikdə yaquara bütün böyük pişiklər arasında ən güclü dişləmə qabiliyyəti qazandırır. Yaquar ovunun kəllə sümüyünü deşə, həmçinin kaymanın qalın dərisini asanlıqla deşə bilir.

Samir
 

0