İspaniyanın yox olmaq təhlükəsi ilə üzləşən Arenilyas kəndində hazırda cəmi 40-a yaxın daimi sakin yaşayır. İcmanı qoruyub saxlamaq üçün yerli hakimiyyət yeni köçənlərə bir şərtlə – kənddə daimi yaşamaq öhdəliyi qarşılığında təmirdən çıxmış mənzil və sabit iş təklif edir.
HİT.az xəbər verir ki, bu barədə "Adevarul" nəşri məlumat yayıb.
Məqalədə qeyd olunur ki, Avropanın iri şəhərləri əhalinin sıxlığı, kirayə qiymətlərinin artması və mənzil böhranı ilə mübarizə apardığı bir vaxtda İspaniyanın kiçik kəndlərindən biri daimi məskunlaşmaq istəyən ailələrə tam təmirli, kirayə haqqı tələb olunmayan mənzil və ailə üzvlərindən biri üçün daimi iş təklif edir.
Bu təşəbbüs əhalisinin sürətlə azalmasından əziyyət çəkən kənd yaşayış məntəqələrinə aiddir. Ən son nümunələrdən biri Soriya vilayətində yerləşən Arenilyas kəndidir. Hazırda burada cəmi 40–45 daimi sakin yaşayır. Kənd Madrid şəhərindən təxminən iki saatlıq məsafədə yerləşir.
2026-cı ilin əvvəlində yerli hakimiyyət yeni ailələrin kəndə köçməsini təşviq etmək və yaşayış məntəqəsinin yox olmasının qarşısını almaq məqsədilə xüsusi proqram başladıb.
Yeni sakinlərə təqdim olunan paketə tam təmir olunmuş və kirayə haqqı ödənilməyən yaşayış evi, həmçinin ailə üzvlərindən biri üçün bələdiyyənin binalara texniki xidmət bölməsində daimi iş daxildir.
Bundan əlavə, kəndin ictimai həyatının mərkəzi hesab olunan yerli barın idarəçiliyini öz üzərinə götürərək şəxsi biznes qurmaq imkanı da yaradılır.
Məqalədə bildirilir ki, Arenilyas sakit kənd ərazisində, mənzərəli təbiət qoynunda yerləşir və İspaniyanın dəniz sahillərindən təxminən iki saatlıq məsafədədir. Bununla belə, yerli hakimiyyət layihənin əsas məqsədinin iqtisadi inkişaf və ya investisiya cəlbi deyil, kənd icmasının yaşamasını təmin etmək olduğunu vurğulayır.
Lakin proqramın əsas şərti var. Təklifi qəbul edən şəxslər kəndə daimi köçməli və yerli icmanın fəal üzvlərinə çevrilməlidirlər.
Məqalədə qeyd olunur ki, “Strategiya sadədir: hər yeni ailə yerli məktəblərdə daha çox şagird, mağazalarda daha çox müştəri və əhali azlığı səbəbindən bağlanmaq təhlükəsi ilə üzləşən kommunal xidmətlərin qorunub saxlanılması üçün daha böyük imkan deməkdir”.
Təşəbbüs yerli hakimiyyətin gözləntilərini də üstələyib. Proqram elan olunduqdan cəmi bir neçə gün sonra dünyanın müxtəlif ölkələrindən 100-dən çox müraciət daxil olub. Bu isə əlçatan mənzil və iqtisadi sabitliyə olan tələbatın qlobal problem olaraq qaldığını göstərir.
Samir


