Arxeoloqlar unikal Bibliya relikviyası tapdı: "Əhd sandığı"nın sirri açıla bilər

DÜNYA
21:27 / 04.07.2026
43

İsraildə çalışan arxeoloqların fikrincə, aşkar etdikləri xarabalıqlar Bibliyada təsvir olunan müqəddəs sandığın – "Əhd sandığı"nın ilkin saxlanıldığı yer ola bilər. 

HİT.az xəbər verir ki, bu barədə "Daily Mail" nəşri yazıb.

Məqalədə xatırladılır ki, Müqəddəs Kitaba əsasən, Musa On Əmri "Əhd sandığı"na yerləşdirib. Sandıq israillilərin Misirdən çıxışından qısa müddət sonra inşa edilən və bəzi alimlərin eramızdan əvvəl təxminən 1445-ci ilə aid etdikləri Müqəddəs Çadırda saxlanılıb. "Əhd sandığı"nın sonrakı taleyi isə naməlum olaraq qalır, çünki o, eramızdan əvvəl 586-cı ildə Babillilərin Qüdsü işğal etməsindən əvvəl Bibliya mənbələrində artıq xatırlanmır.

Hazırda Bibliyada adı çəkilən Şilo yaşayış məntəqəsində çalışan "Associates for Biblical Research" təşkilatının arxeoloqları yeni tapıntılar əldə etdiklərini və bunların irəli sürdükləri nəzəriyyəni gücləndirdiyini bildiriblər.

Tədqiqat qrupu ehtimal olunur ki, Müqəddəs Çadır kompleksinin bir hissəsi olmuş iri tikilinin divarlarını, dini ayinlərlə əlaqəli artefaktları, eləcə də yeni müəyyən edilmiş müdafiə istehkamlarını aşkar edib.

Qazıntı işlərinin rəhbəri doktor Skott Striplinq jurnalistlərə bildirib ki, son tapıntılar tikilinin tam ölçülərini bərpa etməyə və onun təyinatını daha dəqiq müəyyənləşdirməyə imkan verir. Onun sözlərinə görə, ən mühüm kəşf tikilinin cənub divarının aşkar edilməsi olub.

Tikili şərqdən qərbə istiqamətlənib və ölçü nisbətləri Bibliyada təsvir olunan Müqəddəs Çadırın xüsusiyyətlərinə bənzəyir. Ötən il Striplinqin komandası Dəmir dövrünün I mərhələsinə aid monumental tikili aşkar etdiyini və onun ölçülərinin Bibliyadakı təsvirlə uyğun gəldiyini açıqlamışdı.

"Artıq cənub divarının aşkar edilməsi tədqiqatçılarımıza tikilinin tam ölçülərini bərpa etməyə, onun funksiyasını və əhəmiyyətini daha dəqiq qiymətləndirməyə imkan verir", deyə Striplinq bildirib.

Bundan əlavə, arxeoloqlar tikilinin daxilində və ətrafında dini ayinlərlə əlaqəli çoxsaylı əşyalar, o cümlədən qurban mərasimlərində istifadə olunan buynuzlar, keramika nar fiqurları və "murex" ilbizlərinin qabıqlarını aşkar ediblər. Sonuncular xüsusi maraq doğurur, çünki qədim dövrdə kahin geyimlərində istifadə olunan mavi boyaq məhz bu qabıqlardan hazırlanırdı.

Arxeoloqlar həmçinin Şilonun şimal müdafiə sisteminə aid əlavə divarlar da üzə çıxarıblar. Ehtimal olunur ki, kompleks əyri oxlu darvaza formasında inşa edilib və bir neçə otaqdan ibarət olub. Bu tapıntılar şəhərin müdafiə sistemi və şəhərsalma xüsusiyyətləri barədə yeni məlumatlar verir.

Tədqiqatçılar hesab edirlər ki, bu kəşflər Striplinqin daha əvvəl irəli sürdüyü, komandasının Bibliyada kahin Eliyin ölümü ilə bağlı hekayədə adı çəkilən darvaza kompleksini müəyyən etdiyi barədə ehtimalını da gücləndirir.

Qazıntıların digər sahəsində çalışan arxeoloqlar isə Şilonun daha qədim tarixinə işıq sala biləcək ayrıca tapıntı əldə ediblər. Onlar israillilər bölgəyə gəlməzdən əvvəlki dövrə aid üç iri Kənan saxlama küpü aşkar ediblər.

Küplərin içərisində zeytun, buğda və mərcimək kimi ərzaqların yanmış qalıqları tapılıb. Arxeoloqlar dağıntı qatının daha dəqiq tarixini müəyyən etmək üçün həmin nümunələr üzərində radiokarbon analizi aparmağı planlaşdırırlar.

Qeyd edək ki, bu tapıntıların "Əhd sandığı" ilə birbaşa əlaqəsi hələ elmi cəhətdən təsdiqlənməyib və tədqiqatçılar hazırda yalnız mövcud arxeoloji dəlillərə əsaslanan ehtimallardan danışırlar.

Samir

0