"Səhranın kabusu": Liviyada nadir yırtıcının mövcudluğunu təsadüfən təsdiqləndi

DÜNYA
10:19 / 05.07.2026
35

Liviyada vəhşi təbiət fotoqrafı Məhəmməd Əlmüntəsirin 2017-ci ildə "YouTube" platformasında paylaşdığı 18 saniyəlik video ölkədə nadir qum pişiyinin ("Felis margarita") yaşadığını təsdiqləyən ilk maddi sübut kimi qiymətləndirilib. 

HİT.az xəbər verir ki, bu barədə "The Guardian" nəşri yazıb.

Nəşrin məlumatına görə, videoda Liviyanın cənub-qərbindəki ucqar qum təpələri arasında qum qazarkən görünən açıq rəngli kiçik pişik əks olunub. O vaxt bir çoxları görüntülərin Liviyada çəkildiyinə inanmasa da, fotoqraf bunun doğru olduğunu israrla bildirib.

"Videonu paylaşanda heç kim onun Liviyada çəkildiyinə inanmadı. Hamı bunu inkar edirdi. Mən isə bu pişiyin burada, hətta yaşadığım Zintan şəhərindən cəmi 70 kilometr məsafədə də mövcud olduğunu deyirdim", deyə Məhəmməd Əlmüntəsir bildirib.

Aradan təxminən on il keçdikdən sonra əldə olunan yeni məlumatlar göstərir ki, söhbət tək bir fərddən deyil, Liviyanın cənub-qərbində bu növün əvvəllər məlum olmayan yaşayış arealından gedə bilər.

Qum pişiyi ev pişiyindən böyük deyil və qum rəngli tükləri sayəsində yaşadığı səhrada demək olar ki, görünmür. Buna görə də ona "səhranın kabusu" ləqəbi verilib.

Video zamanla müxtəlif tədqiqatçıların diqqətini cəlb edib. Kiçik yırtıcılar üzrə mütəxəssis zooloq Firas Heydər bildirib ki, Liviyanın cənub-qərbi Şimali Afrikanın ən az öyrənilmiş quru ekosistemlərindən biridir.

Onun sözlərinə görə, Liviyada qum pişiyi haqqında mövcud elmi mənbələri araşdırarkən, heç birində müşahidələri təsdiqləyən sübut və ya dəqiq koordinatlar olmayıb.

"Məhəmməddən pişiyi harada gördüyünü soruşanda, onun müxtəlif yerlərdə rast gəldiyini dedi. Məni ən çox təəccübləndirən də bu oldu", deyə zooloq qeyd edib.

Tədqiqatçı bildirib ki, Liviyanın cənub-qərbində nə qorunan ərazilər, nə fototələlər üçün infrastruktur, nə də sahə tədqiqatlarını əlaqələndirən fəaliyyət göstərən dövlət qurumu mövcuddur. Bundan əlavə, Əlcəzair, Niger və Çad sərhədlərində fəaliyyət göstərən qaçaqmalçılıq şəbəkələri ekspedisiyaları təhlükəli edir.

Əlmüntəsirin sözlərinə görə, ekspedisiyalardan biri zamanı onların olduğu əraziyə atəş açılıb və onlar oranı təcili tərk etmək məcburiyyətində qalıblar.

Sonrakı səkkiz il ərzində Firas Heydər və Məhəmməd Əlmüntəsir əsasən məsafədən əməkdaşlıq ediblər. Zooloq fotoqrafa GPS koordinatlarının qeydiyyatı, müşahidələrin foto və video ilə sənədləşdirilməsi kimi sahə tədqiqatı üsullarını öyrədib. Fotoqraf isə bu biliklərdən istifadə edərək yerli tuareq icmalarının məlumatlarını toplayıb və müşahidələri sistemli şəkildə qeydə alıb.

O, bəzən bələdçilərlə birlikdə günlərlə heyvanın izlərini izləyərək yuvasını tapıb, sonra isə onun çıxmasını gözləyib.

Bu əməkdaşlığın nəticələri 2026-cı ilin fevralında "Journal of Arid Environments" jurnalında dərc olunan elmi araşdırmada təqdim edilib. Tədqiqat zamanı Liviya Saxarasında qum pişiyinin 13 müxtəlif ərazidə yaşadığı təsdiqlənib. Bundan əlavə, Saxara zolaqlı gəlincik növü daha səkkiz yeni ərazidə qeydə alınıb və onların yeddisi Beynəlxalq Təbiəti Mühafizə İttifaqının (IUCN) indiyədək tanınmış yayılma arealından kənarda yerləşir.

Araşdırmaya əsasən, qum pişiyinin 36 müşahidəsindən 15-i Tripolidən təxminən 1000 kilometr cənub-qərbdə yerləşən təcrid olunmuş Vadi-Armet vadisində qeydə alınıb.

Samir

0