"Financial Times"də dərc olunan məqalədə Oksford Universitetinin Avropa araşdırmaları üzrə fəxri professoru Timoti Qarton Eş bildirir ki, NATO Avropanın müdafiəsi üçün təcili fövqəladə planlar hazırlamalıdır.
HİT.az xəbər verir ki, müəllifin fikrincə, müasir Avropa iki mərkəzə söykənir: iqtisadi və siyasi mərkəz Avropa İttifaqı, hərbi-siyasi mərkəz isə NATO-dur. Hər iki təşkilat Brüsseldə yerləşsə də, uzun illərdir ki, onların koordinasiyası zəif olub.
Professor qeyd edir ki, NATO tarixən ABŞ-nin rəhbərliyi altında Avropanın təhlükəsizliyini təmin edib, lakin hazırda ABŞ-yə tam etibar etmək mümkün deyil. Onun fikrincə, bu vəziyyət Avropanı öz müdafiə sistemini daha müstəqil şəkildə qurmağa məcbur edir.
Məqalədə vurğulanır ki, Rusiya Prezidenti Vladimir Putin NATO ərazisinə qarşı mümkün hücum barədə qərarı yaxın illərdə, hətta 2029-cu ilədək ABŞ-də yeni prezidentin səlahiyyətə başlamasından əvvəl verə bilər.
Eş hesab edir ki, Avropanın müdafiəsi üçün “iki vaxt horizontu” nəzərdə tutulmalıdır: 10 illik strateji plan və 10 aylıq təcili hazırlıq mərhələsi. Bu çərçivədə Avropa ölkələri Kanada ilə birlikdə hərbi potensiallarını artırmalı və ABŞ ilə mümkün qədər koordinasiyanı saxlamalıdır.
Professorun fikrincə, NATO daxilində Avropanın daha çox məsuliyyət götürdüyü yeni model – “Avropalaşdırılmış NATO” formalaşmalıdır. O, həmçinin Avropa İttifaqının müdafiə xərclərinin koordinasiyasında daha böyük rol oynamalı olduğunu, lakin təkbaşına NATO-nu əvəz edə bilməyəcəyini bildirir.
Məqalədə qeyd olunur ki, NATO Avropanın rəhbərliyi altında fövqəladə hərbi planlar hazırlamalıdır. Ən pis ssenaridə isə Avropa təkbaşına Rusiya təcavüzünə qarşı müdafiəni təmin etməyə hazır olmalıdır.
Eş sonda vurğulayır ki, yalnız Avropa özünü müdafiə etməyə hazır olduğunu qəti şəkildə göstərərsə, Rusiya üçün çəkindirici effekt yaranacaq və mümkün eskalasiya qarşısı alınacaq.
Samir


