NASA astronavt seçimində namizədlərin əksəriyyətini sıradan çıxaran testi açıqladı

DÜNYA
18:38 / 08.07.2026
53

NASA astronavt seçimində namizədlərin psixoloji dayanıqlığını qiymətləndirmək üçün qeyri-adi üsullardan istifadə edir. Mütəxəssislər müsahibələr zamanı namizədlərin sözünü kəsir, hətta düzgün cavabları tənqid edir və doğru həllin yanlış olduğunu bildirirlər.

HİT.az xəbər verir ki, "SpaceDaily" nəşrinin yazdığına görə, bu üsulların məqsədi namizədləri çaşdırmaq deyil, gələcək kosmik missiyalar üçün ən vacib xüsusiyyətlərdən biri hesab olunan uyğunlaşma qabiliyyətini qiymətləndirməkdir.

Agentliyin məlumatına əsasən, əsas seçim meyarı uyğunlaşma bacarığıdır. Bu, insanın güclü stress, qeyri-müəyyənlik və təzyiq şəraitində sakitliyini qoruması, düzgün qərarlar qəbul etməsi və səmərəli işləməsi deməkdir.

Müsahibə zamanı psixoloqlar namizədlərin reaksiyalarını diqqətlə izləyirlər. Əgər namizəd tənqidlə dərhal razılaşır, düzgün qərarından imtina edir və ya iradlardan sonra çaşqınlıq yaşayırsa, bu, mənfi göstərici hesab olunur. Digər tərəfdən, yeni məlumatları tamamilə nəzərə almamaq və mövqeyində israr etmək də müsbət qiymətləndirilmir.

NASA-nın ideal namizəd modeli etirazları sakit şəkildə dinləyən, öz nəticələrini yenidən qiymətləndirən və lazım gəldikdə fikrini dəyişə və ya mövqeyini əsaslandırılmış şəkildə müdafiə edə bilən şəxsdir.

Mütəxəssislərin fikrincə, məhz bu davranış uzunmüddətli kosmik ekspedisiyalar zamanı uğurlu fəaliyyət üçün ən etibarlı göstəricilərdən biridir.

Astronavt hazırlığı proqramına qəbul dünyanın ən çətin seçim proseslərindən biri hesab olunur. 2024-cü ildə proqrama 8 mindən çox müraciət daxil olsa da, bütün mərhələlərin yekununda cəmi 10 namizəd seçilib.

65 ildən artıq fəaliyyət göstərən NASA-nın tarixində indiyədək yalnız 370 nəfər astronavt namizədi statusu əldə edib.

Yüksək fiziki hazırlıq, keyfiyyətli təhsil və peşəkar təcrübə ilə yanaşı, agentlik namizədlərin psixoloji xüsusiyyətlərini də qiymətləndirir.

Əsas meyarlar bunlardır:

* uyğunlaşma qabiliyyəti;
* komanda şəklində işləmək bacarığı;
* liderlik keyfiyyətləri;
* stressə davamlılıq;
* sürətli öyrənmə bacarığı;
* emosional intellekt;
* etibarlılıq;
* detallara diqqət.

NASA vurğulayır ki, gələcək astronavtların seçimində ən həlledici amillərdən biri məhz uyğunlaşma qabiliyyətidir.

Bildirilir ki, seçim prosesinin son mərhələsində komissiyanın tərkibinə fəaliyyət göstərən astronavtlar da daxil edilir. Onlar təkcə peşəkar baxımdan ən güclü namizədləri deyil, həm də aylarla, hətta illərlə kosmik gəminin məhdud məkanında birlikdə işləməyə hazır olacaqları insanları müəyyənləşdirməyə kömək edirlər.

Agentlik qeyd edir ki, əsas məqsəd hər şey plan üzrə getmədiyi vəziyyətlərdə belə səmərəli fəaliyyət göstərə biləcək insanları seçməkdir. Buna görə də stress yaradan müsahibələr gələcək astronavtların qiymətləndirilməsində ən vacib vasitələrdən biri olaraq qalır.

Samir

0