Rusiya elitası milyardlarla dolları ölkədən çıxarır

DÜNYA
15:21 / 16.07.2026
45

Rusiya Prezidenti Vladimir Putinə yaxın hesab olunan iş adamları da daxil olmaqla, ölkənin ən varlı şəxslərindən bəziləri son bir ildə milyardlarla dollar vəsaiti xaricə çıxarıb. Buna səbəb Rusiya iqtisadiyyatı və dövlət maliyyəsinin vəziyyəti ilə bağlı narahatlıqların artmasıdır. 

HİT.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

Nəşrin yazdığına görə, son dövrlərdə həyata keçirilən səs-küylü aktiv müsadirələri Rusiya elitası arasında dövlətin onların əmlakını əlindən ala biləcəyi və ya sərvətlərini itirə biləcəkləri ilə bağlı qorxuları gücləndirib. Bu barədə agentliyə altı varlı rusiyalı və milyarderlərin əhval-ruhiyyəsi ilə tanış olan digər mənbələr məlumat verib.

Mənbələrin sözlərinə görə, son aylarda bir neçə milyarder, xüsusilə bank sektorundakı vəziyyətlə bağlı narahatlıqlar səbəbindən, əlavə aktivlərini Rusiyadan kənara köçürüb. Ən varlı rusiyalılar aktivlərinin strukturunu dəyişərək vəsaitlərini daha çox kriptovalyutalara, qızıla, xarici daşınmaz əmlaka və əsasən Fars körfəzi ölkələrində yerləşən özəl investisiya fondlarına yönəldirlər.

Onilliklər ərzində rusiyalı milyarderlər Qərb ölkələrində iri biznes sövdələşmələri bağlayır, elit daşınmaz əmlak alır və dəbdəbəli tədbirlər təşkil edirdilər. Lakin Rusiyanın 2022-ci ildə Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başlamasından sonra tətbiq edilən beynəlxalq sanksiyalar onların bir çoxunu aktivlərini Rusiyaya qaytarmağa və şirkətlərini ölkədə yenidən qeydiyyatdan keçirməyə məcbur etdi. Xaricdəki aktivlərinin əhəmiyyətli hissəsi isə donduruldu.

Bununla yanaşı, Rusiyanın özündə də risklər artıb. 2024-cü ildən hakimiyyət Qərblə əlaqələrini saxlayan və ya ikili vətəndaşlığı olan iri biznes nümayəndələrinin aktivlərinin müsadirəsini genişləndirib. 2025-ci ildən etibarən Rusiya iqtisadiyyatında müşahidə olunan yavaşlama isə biznes gəlirlərini azaldıb və ölkə daxilində investisiya imkanlarını məhdudlaşdırıb.

Qeyri-rəsmi kapital axınının dəqiq həcmini müəyyən etmək çətindir. Çünki əməliyyatların bir hissəsi qeyri-şəffaf kriptovalyuta sxemləri vasitəsilə həyata keçirilir və rəsmi statistikada əks olunmur.

Bununla belə, bir neçə rusiyalı milyarderin investisiya qərarları ilə tanış olan iki mənbə **"Bloomberg"** agentliyinə bildirib ki, bu il qeyri-rəsmi kapital axınının həcmi ən azı on milyardlarla dollar təşkil edir və bu göstərici ötən illə müqayisədə daha yüksəkdir.

Onların sözlərinə görə, aktivlərin müsadirəsi və iqtisadi qeyri-sabitliklə bağlı qorxular ölkədən kapital çıxarılmasını yenidən sürətləndirib.

Eyni zamanda, varlı rusiyalılar sanksiyalar və müharibəyə baxmayaraq, əvvəllər də xaricdə investisiya imkanları axtarırdılar. Rusiya Mərkəzi Bankının hesablamalarına əsasən, genişmiqyaslı müharibənin ilk ilində ölkədən təxminən 250 milyard dollar kapital çıxıb.

Mənbələrdən biri bildirib ki, iri biznesə təzyiqlərin güclənəcəyindən ehtiyat etdiyi üçün vəsaitlərini Kipr və Birləşmiş Ərəb Əmirliklərinə köçürməyə başlayıb. Digər iki mənbə investisiyalarını BƏƏ, Türkiyə və Səudiyyə Ərəbistanına yönəltdiklərini, başqa bir iş adamı isə Afrika ölkələrinə sərmayə qoymağa başladığını deyib.

Agentliyin məlumatına görə, rusiyalılar Dubayda elit daşınmaz əmlak almağa davam edir, eyni zamanda Türkiyə və Monakoda yaşayış obyektlərinə investisiyalar da artır.

Nəşr qeyd edir ki, dövlətin maliyyə çətinlikləri də oliqarxlara əlavə təzyiq yaradır. Maliyyə Nazirliyinin rəsmiləri Ukraynadakı müharibəyə çəkilən mövcud xərclərin uzunmüddətli perspektivdə maliyyə baxımından davamlı olmadığını bildirdikdən sonra Vladimir Putin büdcə gəlirlərini artırmaq yolları axtarır.

Məlumata görə, Kreml hərbi xərcləri yüksək səviyyədə saxlamaq üçün digər sahələrin maliyyələşdirilməsini azaltmağa çalışır.

Bununla yanaşı, Rusiyada bank sisteminin vəziyyəti ilə bağlı narahatlıqlar da artır. Bildirilir ki, hələ ötən yay bank sektorunun nümayəndələri problemli kreditlərin yüksək səviyyəsi barədə xəbərdarlıq etmiş və real vəziyyətin ictimaiyyətə açıqlanandan daha ağır olduğunu bildirmişdilər.

Samir

0