CNN: Tramp səhmlərini aldığı 20-dən çox şirkəti ictimai şəkildə təşviq edib

DÜNYA
17:27 / 16.07.2026
41

ABŞ Prezidenti Donald Tramp səhmlərini aldığı 20-dən çox şirkət haqqında "Truth Social" sosial şəbəkəsində müsbət paylaşımlar edib. 

HİT.az xəbər verir ki, bu barədə "CNN" telekanalı öz araşdırmasının nəticələrinə istinadən məlumat yayıb.

Araşdırmaya görə, bəzi hallarda dövlət başçısı həmin şirkətlər üçün faydalı ola biləcək hökumət qərarlarını da ictimai şəkildə elan edib.

"CNN"nin hesablamalarına əsasən, Trampın maliyyə hesablarından 21 şirkətin səhmləri üzrə azı 44 alış əməliyyatı həmin şirkətlər, onların rəhbərləri və ya məhsulları haqqında müsbət paylaşımlar edilməzdən əvvəlki bir həftə ərzində həyata keçirilib.

Jurnalistlər prezidentin maliyyə bəyannaməsini onun sosial şəbəkədəki paylaşımları ilə müqayisə ediblər. Məsələn, "Nvidia"nın ABŞ-də superkompüterlər istehsal etmək planları barədə paylaşım edilməzdən bir neçə gün əvvəl şirkətin 200 min dollardan 500 min dollara qədər dəyərdə səhmlərinin alındığı müəyyən edilib.

Həmçinin ötən ilin iyulunda "Tesla"nın 500 min dollardan 1 milyon dollara qədər dəyərdə səhmləri alındıqdan sonra Donald Tramp "Tesla" və onun rəhbəri İlon Maskın uğur qazanmasını arzuladığını bəyan edib.

Bununla yanaşı, "CNN" qeyd edir ki, Trampın bu paylaşımları öz investisiya portfelinin dəyərini artırmaq məqsədilə etdiyini təsdiqləyən hər hansı sübut yoxdur.

Ağ Ev isə bildirib ki, investisiya məsələləri müstəqil maliyyə təşkilatları tərəfindən idarə olunur və Donald Tramp, eləcə də ailə üzvləri hər hansı investisiya əməliyyatının seçilməsi, idarə edilməsi və ya təsdiqində iştirak etmirlər.

Samir

0