Argentina Folklend yaxınlığında Britaniya hərbi gəmisinə görə etiraz notası verdi

DÜNYA
16:44 / 16.07.2026
47

Argentina Xarici İşlər Nazirliyi Böyük Britaniyanın Hərbi Dəniz Qüvvələrinə məxsus "HMS Medway" gəmisinin mübahisəli Malvin və ya Folklend adaları yaxınlığındakı sularda hərəkət etməsi ilə əlaqədar Londona etirazını bildirib.

HİT.az-ın məlumatına görə, nazirliyin bəyanatında qeyd olunur ki, Böyük Britaniya ikitərəfli razılaşmanın tələblərinə baxmayaraq, gəminin keçidi barədə Argentina tərəfini əvvəlcədən məlumatlandırmayıb.

"Argentina hökuməti ölkənin yurisdiksiyasına aid məkanlara Britaniyanın bu hərbi müdaxiləsini qətiyyətlə pisləyir", deyə Argentina Xarici İşlər Nazirliyinin "X" sosial şəbəkəsində yayımladığı bəyanatda bildirilir.

Mübahisəli arxipelaq Atlantik okeanının cənub hissəsində yerləşir. Böyük Britaniya adaları Folklend adaları, Argentina isə Malvin adaları adlandırır.

1982-ci ildə arxipelaqın mənsubiyyəti ilə bağlı iki ölkə arasında silahlı münaqişə baş verib. Hazırda Böyük Britaniya adaları özünün dənizaşırı ərazilərindən biri hesab edir. Argentina isə onları Tierra-del-Fueqo (Odlu Torpaq) əyalətinin tərkib hissəsi kimi tanıyır.

Samir

0