Yunanıstanın cənub-qərbində yerləşən Messeniya bölgəsində bu gün də sakitlik hökm sürür. Məhz burada məşhur Odisseya dastanının ilham mənbəyi olan qədim dünya ilə bağlı çoxsaylı izlər qorunub saxlanılıb. Bölgədə firuzəyi körfəzlər, dağ monastırları, qarlı zirvələr və təxminən 16 milyon ağacdan ibarət zeytun bağları yerləşir.
HİT.az xəbər verir ki, bu barədə "Daily Mail" nəşrinin müəllifi Con Cimlett bölgəyə səfərindən sonra yazıb.
Lakin 2025-ci ilin martında burada sanki Troya müharibəsi yenidən başlamışdı. Bu dəfə səbəb Homerin dastanı deyil, rejissor Kristofer Nolanın 250 milyon dollarlıq büdcə ilə çəkdiyi Odisseya filmi üçün bölgəyə gələn çəkiliş qrupu idi.
Navarino körfəzi sahilində təxminən 350 nəfərlik çəkiliş heyəti və 100-ə yaxın texniki vasitə yerləşdirilmişdi. Burada mifoloji varlıqlar üçün dekorasiyalar qurulur, süni yanğın səhnələri hazırlanır və yerli sakinlər kütləvi səhnələrə cəlb edilirdi.
"Bir səhnədə çoban, digər səhnədə isə peyğəmbər rolunu oynadım", deyə yerli sakinlərdən biri bildirib.
Homerin yaxşı tanıdığı məkan
Messeniya Odisseyanın ekranlaşdırılması üçün ideal məkan hesab olunur. Rəvayətə görə, təxminən 2800 il əvvəl yaşamış Homer bu yerləri yaxşı tanıyırdı.
Səfər müəllifinə "Cox & Kings" şirkətinin arxeoloqu Heli bələdçilik edib. O, özü ilə "Odisseya" kitabını daşıyır və ekskursiya zamanı Homer dövrünə aid keramika qalıqlarını, eləcə də vaxtilə ox uclarını itiləmək üçün istifadə edilən obsidian daşlarını göstərirdi.
Dastanın süjetinə görə, "Odisseya" filmində Mett Deymonun canlandırdığı Odissey Troya müharibəsindən sonra həyat yoldaşı Penelopaya (Enn Hetuey) qayıtmağa çalışır. Dəniz səyahəti zamanı canavarlar, nimfalar və nəhənglərlə qarşılaşan qəhrəmanın Aralıq dənizi boyunca macəraları 10 il davam edir.
Odisseya hadisələrinin bir hissəsi məhz Navarino körfəzi ilə əlaqələndirilir. Burada əfsanəyə görə Odisseyin oğlu Telemaxın sahilə çıxdığı çimərlikdə üzmək mümkündür. Filmdə Telemax obrazını Tom Holland canlandırır. Rəvayətə əsasən, o, burada "müdrik kral Nestor"la görüşüb.
Yaxınlıqda Nestorun böyük mağarası və onun sarayının qalıqları yerləşir. Əfsanələrə görə, kral olduqca zəngin olub və eramızdan əvvəl 1200-cü illərdə Troyaya 90 qara gəmi göndərib.
Saray Troya müharibəsindən qısa müddət sonra yansa da, bu gün də möhtəşəm iqamətgah təsiri bağışlayır. Xüsusilə mərasim zalının döşəməsinə bərkidilmiş minlərlə qədəh diqqət çəkir.
Venesiyalı və Osmanlı qalaları
Üç min il ərzində körfəzin ətrafında çox şey dəyişib. Burada əsrlər boyu Venesiya və Osmanlı qüvvələrinin uğrunda mübarizə apardığı iki böyük qala inşa edilib.
1278-ci ildə tikintisinə başlanılan Paleokastro ("Köhnə qala") yüksək təpədə yerləşir və Homer dünyasına panoram mənzərə açır.
İkinci qala – 1573-cü ildə Pilos şəhərinin üzərində inşa edilən Neokastrodur. Onun divarları təxminən 1,5 kilometr uzunluğa malikdir. Keçmiş Osmanlı məscidi isə hazırda kilsəyə çevrilib.
Pilos – Homerin xoşuna gələcək şəhər
Filmin aktyorları sahil boyunca yerləşən qolf kompleksində qaldığı vaxt səfər müəllifi Pilos şəhərində yerləşib. Burada dar küçələr sürətlə dənizə doğru enir, şəhərdən isə orta əsrlərə aid su kəməri keçir.
Axşam saatlarında sakinlər mərkəzi meydanda toplaşır, nərd və ya zər oyunları oynayır, şərab içir və itlərini gəzdirirlər. Müəllifin fikrincə, belə sakit və ənənəvi atmosfer, ehtimal ki, Homerin də xoşuna gələrdi.
Müəllif 1970-ci illərdə tikilmiş "Karalis Beach Hotel" otelində qaldığını bildirib. Çəkilişlər başlamazdan əvvəl Kristofer Nolan həmin otelin suit otaqlarından birində yaşayıb.
Yerli sakinlər çəkiliş prosesini hələ də xatırlayırlar. Mett Deymon və siklopun iştirak etdiyi səhnələrdən biri müəllifin Avropanın ən gözəl körfəzlərindən biri adlandırdığı Voidokiliya çimərliyində çəkilib.
Digər mühüm səhnələrdən biri isə təxminən 11 kilometr cənubda yerləşən Methoni şəhərində lentə alınıb. Burada sahilə yaxın kiçik adada ayrıca qalası olan böyük istehkam yerləşir və həmin məkan da filmdə görünəcək.
Yerli restoran əməkdaşı bildirib ki, Tom Holland məhz burada dəbilqə və dar zireh geyimində çəkilişlərdə iştirak edib.
Ən təsirli məkan – Akrokorinf
Səfər müəllifi ən möhtəşəm çəkiliş məkanı kimi Peloponnes yarımadasından iki saatlıq məsafədə yerləşən Akrokorinfi göstərib.
Qala qayalı təpənin üzərində ucalır. Çəkiliş qrupu burada iki həftə çalışaraq Mett Deymonun canlandırdığı qəhrəmanın keçdiyi nəhəng Troya qapılarını inşa edib.
Tarixin xüsusilə yaxın hiss olunduğu yer
Müəllif Messeniya bölgəsindən ayrılarkən təəssüf hissi keçirdiyini bildirib. Hollivud komandası artıq ərazini tərk etsə də, onun sözlərinə görə, dünyada az sayda yer var ki, burada təxminən üç min il əvvəl baş vermiş hadisələrin yaxınlığını bu qədər güclü hiss etmək mümkündür.
Məhz burada qədim əfsanələr, tarixi saraylar və müasir kino bir-birinə qarışaraq unikal bir hekayə yaradır.
Set-cetinq nədir?
Məşhur filmlərin çəkildiyi məkanlara səyahət son illərdə qlobal turizm tendensiyasına çevrilib. "Set-cetinq" adlanan bu istiqamət bir çox şəhərləri turist mərkəzlərinə çevirir. Məsələn, "Taxt oyunları" serialından sonra Dubrovnik, Koreya dramlarından sonra isə İsveçrənin İseltvald kəndi böyük populyarlıq qazanıb.
"Holafly" şirkətinin analitikləri 2026-cı il üçün "Screen Tourism Forecast Index" reytinqini hazırlayıblar. Reytinq ölkələri məzmunun populyarlığı, məkanların tanınmışlığı, turist tələbatı və infrastruktur imkanları üzrə qiymətləndirir.
Siyahıda Cənubi Koreya lider olub. Buna əsas səbəblərdən biri "Biz hamımız öldük" serialıdır. Reytinqdə İspaniya da mühüm yer tutur – "Əjdaha evi" serialının üçüncü mövsümü sayəsində. Yunanıstanda isə Kristofer Nolanın "Odisseya" filminin premyerasından sonra turist marağının artacağı gözlənilir.
Samir


