Çin 2015-ci ildə boş ərazidə metro stansiyası tikmişdi: İndi bunun səbəbi məlum oldu

DÜNYA
20:51 / 18.07.2026
77

2015-ci ildə Çində tikilmiş, ətrafında heç bir yaşayış məntəqəsi olmayan metro stansiyasının görüntüləri sosial şəbəkələrdə geniş yayılmış və "xəyal şəhərləri" ilə bağlı müzakirələrə səbəb olmuşdu. Çuntsin meqapolisində yerləşən "Tsyaotszyavan" metro stansiyasının niyə boş ərazidə inşa edildiyi isə yalnız illər sonra aydınlaşıb. 

HİT.az xəbər verir ki, bu barədə "Daily Galaxy" nəşri yazır.

Məqalədə bildirilir ki, stansiya istifadəyə verildiyi vaxt onun ətrafında yaşayış binaları, mağazalar, hətta normal yollar belə yox idi. Metro əməkdaşlarının sözlərinə görə, bəzən günlərlə stansiyadan istifadə edən sərnişin olmurdu. Buna görə də Qərb müşahidəçiləri belə layihələri dövlət planlaşdırmasının səmərəsizliyi və həddindən artıq xərclərin nümunəsi kimi qiymətləndirirdilər.

Lakin nəşrin müəllifi qeyd edir ki, bu vəziyyət Çin hakimiyyətinin məqsədli strategiyasının nəticəsi idi. Dünyanın əksər ölkələrində nəqliyyat infrastrukturu əhali artdıqdan və tələbat yarandıqdan sonra tikildiyi halda, Çin çox vaxt əks yanaşma tətbiq edib. Ölkədə əvvəlcə metro və digər infrastruktur yaradılır, daha sonra həmin ərazilərdə yaşayış məhəllələrinin və şəhərlərin inkişafı təşviq olunur.

Məhz bu ssenari "Tsyaotszyavan" stansiyası ətrafında da həyata keçirilib. 2019-cu ilin sonlarında stansiyaya yollar çəkilib, sonrakı illərdə isə ətrafda yaşayış kompleksləri, məktəblər, mağazalar və digər şəhər infrastrukturu inşa olunub. Hazırda stansiya sıx məskunlaşmış rayonda yerləşən adi metro stansiyası kimi fəaliyyət göstərir.

Məqalədə qeyd olunur ki, oxşar inkişaf əvvəllər "xəyal şəhərləri" adlandırılan Syunan və Lançjou Yeni Rayonu layihələrində də müşahidə edilib.

Bununla yanaşı, jurnalist vurğulayır ki, belə siyasətin uğurlu nümunələri onun maliyyə risklərini aradan qaldırmır. 2025-ci ilədək Çində fəaliyyət göstərən 28 metro operatorunun ümumi borcu 4,3 trilyon yuan (təxminən 640 milyard ABŞ dolları) təşkil edib. Bəzi metro sistemləri hər gün ciddi maliyyə zərərləri ilə işləyir.

Bundan əlavə, bəzi stansiyalarda mühəndislik qüsurları aşkar edilib. 2021-ci ildə Çjençjou metrosunda baş vermiş irimiqyaslı daşqın isə həddindən artıq sürətli tikintinin yaratdığı problemlərə diqqəti artırıb.

Bu risklər fonunda Çin hökuməti hələ 2018-ci ildə əhalisi üç milyondan az olan şəhərlərdə yeni metro layihələrinin icrasını məhdudlaşdırıb, daha sonra isə yeni xətlərin təsdiqlənməsi qaydalarını daha da sərtləşdirib.

"Daily Galaxy" qeyd edir ki, bir çox hallarda metro stansiyaları şəhərlərin yaranmasını gözləməyib, əksinə, həmin şəhərlərin formalaşması üçün zəruri şəraiti yaradıb. Bununla yanaşı, nəşr bu yanaşmanın böyük borc yükü və yüksək istismar xərcləri ilə müşayiət olunduğunu da vurğulayır.

Samir
 

0