Asiya daha çox pələngləri ilə tanınsa da, qitədə insanlar üçün təhlükə yaradan çoxsaylı digər heyvan növləri də yaşayır.
Hit.az xəbər verir ki, bu barədə "Discover Wildlife" nəşri yazıb.
Nəşrin məlumatına görə, Hindistanda zəhərli ilanlar, əqrəblər, aslanlar, pələnglər, bəbirlər, tənbəl ayılar, canavarlar və timsahlar yaşayır. Bütün bu növlər əhalisi 1 milyard nəfəri ötən ölkədə insanlarla eyni ərazini bölüşür.
Təxminən 3 min pələngin yaşadığı Hindistanda bu yırtıcılar hər il orta hesabla 100 nəfərin ölümünə səbəb olur. XX əsrin əvvəllərində isə pələnglərin sayı daha çox olduğundan bu göstərici təxminən 3 min nəfərə çatırdı.
Bəbirlər pələnglərdən daha geniş yayılıb və sayca çox olsalar da, onların səbəb olduğu ölüm hallarının sayı daha azdır. Ölkənin şimal-qərbində yerləşən Gir Milli Parkında yaşayan təxminən 670 Asiya aslanı isə insanlara nadir hallarda hücum edir.
Əsasən həşəratlarla qidalanan tənbəl ayılar insanların üzərinə böyük pişiklər qədər hücum etsələr də, bu hücumların yalnız təxminən 10 faizi ölümlə nəticələnir. Müqayisə üçün, böyük pişiklərin hücumlarında ölüm göstəricisi təxminən 65 faizdir.
Hindistanın Ətraf Mühit və Meşə Təsərrüfatı Nazirliyinin məlumatına görə, fillər hər il təxminən 400 nəfərin ölümünə səbəb olur. Bu, bütün digər məməlilərin birlikdə törətdiyi ölüm hallarından daha çoxdur.
Lakin bu rəqəm də malyariya xəstəliyini yayan ağcaqanadların səbəb olduğu ölümlərlə müqayisədə xeyli aşağıdır.
Nəşr qeyd edir ki, quduzluq da Hindistanda ciddi problem olaraq qalır. Xəstəlik əsasən it dişləmələri vasitəsilə yayılır və hər il 20 mindən çox insanın ölümünə səbəb olur.
Ölkədə təxminən 20 milyon sahibsiz itin olduğu ehtimal edilir. Onlar hər il insanlara təxminən 7 milyon dəfə hücum edərək dişləyirlər.
Hindistanda müxtəlif zəhərli heyvanlar da yaşayır. Yerli hörümçəklərin dişləmələri ağrılı olsa da, ölüm halları nadir qeydə alınır.
Nəşrdə bildirilir ki, Hindistanın qırmızı əqrəbi dünyanın ən təhlükəli əqrəb növlərindən biridir və onun zəhəri xüsusilə uşaqlar üçün ölümcül ola bilər. Bununla belə, hər il dünyada əqrəb sancmaları nəticəsində qeydə alınan təxminən 2 600 ölüm hadisəsi onların əsas ölüm səbəbi olmadığını göstərir.
Ən böyük təhlükə isə ilanlardır.
Məqaləyə əsasən, Hindistanda ilan sancmaları hər il təxminən 58 min insanın ölümünə səbəb olur. Statistikaya görə, ölkədə hər 250 nəfərdən biri 70 yaşına çatmadan ilan sancması nəticəsində həyatını itirir.
Ölümcül sancmaların 43 faizi, yəni təxminən 25 min hadisə kənd yerlərində geniş yayılmış "Rassel gürzəsi"nin payına düşür.
Samir


