ABŞ ordusu bir vaxtlar havanı silaha çevirməyə çalışıb

DÜNYA
16:50 / 20.07.2026
73

ABŞ hərbçiləri XX əsrdə hava şəraitini hərbi məqsədlər üçün idarə etməyə cəhd göstəriblər. 

HİT.az xəbər verir ki, "Popular Mechanics" nəşrinin yazdığına görə, 1967–1972-ci illərdə ABŞ Hərbi Hava Qüvvələri "Popeye" adlı məxfi əməliyyat həyata keçirib.

Əməliyyatın məqsədi Şimali Vyetnam ordusunun təchizat marşrutlarının keçdiyi ərazilərdə musson yağışları mövsümünü süni şəkildə uzatmaq idi. Hərbçilər hesab edirdilər ki, güclü yağışlar yolları palçığa çevirəcək və canlı qüvvə ilə hərbi texnikanın daşınmasını çətinləşdirəcək.

Əməliyyatın şüarı "Palçıq yaradın, müharibə yox" idi.

Yağış yaratmaq üçün 1946-cı ildə hazırlanmış buludların "toxumlanması" texnologiyasından istifadə olunurdu. Bu üsul zamanı buludlara gümüş yodid kristalları səpilirdi. Həmin kristallar buz hissəciklərinin əmələ gəlməsini sürətləndirərək yağıntının düşməsinə şərait yaradırdı.

ABŞ ordusunun məlumatına əsasən, belə müdaxilələrdən sonra halların təxminən 82 faizində yağış müşahidə olunurdu.

Lakin hava şəraitinə tam nəzarət etmək gözlənildiyindən daha mürəkkəb olub. Layihə iştirakçılarından biri sonradan xatırlayıb ki, sınaqlardan biri zamanı baş verən səhv nəticəsində ABŞ xüsusi təyinatlılarının düşərgəsinə cəmi iki saat ərzində təxminən 18 santimetr yağıntı düşüb.

Bəzi qiymətləndirmələrə görə, "Popeye" əməliyyatı müəyyən bölgələrdə yağış mövsümünü bir aydan artıq uzatmağı bacarıb. Bununla belə, hava şəraitinə təsir edən çoxsaylı amillər səbəbindən bu metodun effektivliyi mübahisəli olaraq qalırdı.

Məlumata görə, hava şəraitini dəyişdirmək istiqamətində təcrübələr aparan yeganə ölkə ABŞ olmayıb. Böyük Britaniya 1940-cı illərin sonu və 1950-ci illərin əvvəllərində "Cumulus" layihəsini həyata keçirib.

Çin isə 2008-ci il Pekin Yay Olimpiya Oyunları ərəfəsində əlverişli hava şəraiti yaratmaq məqsədilə yağıntının idarə olunması texnologiyalarından istifadə edib.

Təbii hadisələrin hərbi məqsədlərlə istifadəsi ilə bağlı narahatlıqlar nəticəsində 1977-ci ildə ABŞ, SSRİ və daha 29 dövlət ətraf mühitin dəyişdirilməsi texnologiyalarının silah kimi tətbiqini qadağan edən beynəlxalq Konvensiyanı imzalayıb.

Buna baxmayaraq, hava şəraitinin dəyişdirilməsi ilə bağlı tədqiqatlar hazırda da davam edir. Bu araşdırmalar əsasən iqlim dəyişikliyinin nəticələrinin azaldılması kontekstində aparılır. Lakin onların effektivliyi və mümkün riskləri elmi ictimaiyyət arasında hələ də müzakirə mövzusu olaraq qalır.

Samir

0