Köpəkbalıqları saymağı bacarır və caz musiqisini sevir - Maraqlı faktlar

DÜNYA
22:36 / 20.07.2026
82

Köpəkbalıqları təkcə üçlə beşi bir-birindən ayırd edə bilmir, həm də görünür, caz musiqisini sevirlər. 

HİT.az xəbər verir ki, bu barədə "Digi24" nəşri yazıb.

Məlumata görə, mükəmməl yırtıcı kimi tanınan köpəkbalıqlarının davranışları və qabiliyyətləri hətta alimləri belə təəccübləndirir. Onlar Yer üzündə meydana çıxan ilk onurğalı yırtıcılardan hesab olunur və planetdə baş vermiş beş böyük kütləvi məhvolma dövrünün hamısından sağ çıxıblar.

Alimlər müəyyən ediblər ki, köpəkbalıqları kifayət qədər yüksək öyrənmə qabiliyyətinə malikdir və sadə riyazi fərqləndirmələr edə bilirlər.

Araşdırmalara görə, onlar bir-birinə yaxın səsləri, müxtəlif abstrakt naxışları və rəngli həndəsi fiqurları ayırd edə bilirlər. Təcrübələrdən birində boz pişik köpəkbalığının balalarının forma və optik illüziyalarla bağlı məlumatı təxminən bir il yadda saxladığı müəyyən olunub.

Bundan əlavə, onlar üç və beş, həmçinin dörd və yeddi kimi sayları bir-birindən ayırd edə bilir, lakin dörd və beş kimi bir-birinə çox yaxın miqdarları fərqləndirməkdə çətinlik çəkirlər.

Köpəkbalıqları haqqında ən qeyri-adi faktlardan biri onların caz musiqisinə maraq göstərməsidir.

Avstraliyada aparılan təcrübədə köpəkbalıqlarına musiqi səslənən zaman akvariumun müəyyən nöqtəsinə üzərək yem əldə etmələri öyrədilib.

Sidneydəki "Macquarie" Universitetinin alimlərinin araşdırması göstərib ki, köpəkbalıqları caz musiqisi səslənərkən yem verilən yeri daha yaxşı yadda saxlayıblar. Klassik musiqi zamanı isə eyni əlaqəni qura bilməyiblər.

"Onların klassik musiqi səslənəndə nəsə etməli olduqlarını başa düşdükləri aydın idi, lakin başqa yerə üzməli olduqlarını anlamırdılar", – deyə tədqiqatçı Kallum Braun bildirib.

Nəşr qeyd edir ki, bütün köpəkbalığı növləri yumurta qoymur.

Kütburun və çəkicbaş köpəkbalığı kimi bəzi növlər balalarını ana bətnində inkişaf etdirir və onları insanlar kimi göbək ciyəsi vasitəsilə qidalandırırlar. Buna görə də doğulduqdan sonra onların göbək izi bir müddət qalır.

Digər növlərdə isə embrionlar yumurtanın daxilində inkişaf edir, lakin yumurta ana bətnində çatlayır və balalar diri doğulur.

Bundan başqa, pələng qum köpəkbalığının balaları hələ ana bətnində olarkən yaşamaq uğrunda mübarizəyə başlayırlar. Dişi fərdlərin iki uşaqlığı olur və hər birində beşə qədər embrion inkişaf edir.

Lakin embrionlar bir-birini yeyir və nəticədə hər uşaqlıqda yalnız bir bala sağ qalır. Bu hadisə uşaqlıqdaxili kannibalizm və ya adelfofagiya adlanır.

Alimlər bildirirlər ki, köpəkbalıqları çox vaxt təsvir edildiyi kimi tək yaşayan ovçular deyillər.

Məsələn, rif köpəkbalıqları dörd ilədək eyni dost qrupunda qalmağa üstünlük verirlər. Onlar müəyyən müddət kiçik qruplara ayrılır, sonra isə yenidən birləşirlər.

Limon köpəkbalıqlarının balaları da qrup şəklində yaşamağa üstünlük verir və sosial əlaqələr zamanı bir-birindən qida tapmaq və yırtıcılardan qorunmaq kimi bacarıqları öyrənirlər. Onlar əsasən eyni ölçüdə və əvvəldən tanıdıqları digər limon köpəkbalıqları ilə birlikdə olurlar.

Alimlərin sözlərinə görə, hətta ağ köpəkbalıqlarının da yaxın dostluq əlaqələri ola bilər.

Samir

0