Böyük Britaniya və Almaniya Avropanın müdafiə imkanlarını gücləndirmək məqsədilə yeni uzaqmənzilli raket sistemi hazırlayır.
HİT.az xəbər verir ki, "The Telegraph" qəzetinin məlumatına görə, layihə çərçivəsində hazırlanacaq raketin 2034-cü ilə qədər istifadəyə verilməsi planlaşdırılır.
Mənbələrin bildirdiyinə görə, London Almaniyanı Avropanın təhlükəsizlik strategiyasında mühüm tərəfdaş hesab edir. İki ölkə arasında əməkdaşlığın əsasında "Trinity House" və "Kensington" adlı ikitərəfli sazişlər dayanır. Bu razılaşmalar Böyük Britaniyada Almaniya müdafiə sənayesinin rəhbərliyi ilə həyata keçirilən bir sıra layihələrin icrasına imkan yaradıb.
Bu layihələrə Britaniya ərazi sularını diversiya təhlükələrindən qorumaq üçün nəzərdə tutulan dəniz pilotsuz aparatları, artilleriya istehsalını artırmağa yönəlmiş 400 milyon funt sterlinqlik "Gun Hall" proqramı, eləcə də "Rheinmetall" şirkətinin hazırladığı "Boxer" piyada döyüş maşınının yeni versiyası daxildir.
Nəşrin məlumatına görə, əməkdaşlığın əsas layihəsi "DPS" raket proqramıdır. Məqsəd təxminən 2 min kilometr məsafədə yerləşən strateji hədəfləri vurmaq imkanına malik uzaqmənzilli raket hazırlamaqdır.
Müdafiə sənayesindəki mənbələr bildirirlər ki, layihə Almaniyanın maliyyə dəstəyi ilə Böyük Britaniyanın texnoloji təcrübəsinin birləşdirilməsi əsasında həyata keçiriləcək.
Hazırda raketin iki variantı nəzərdən keçirilir. Bunlardan biri hava hücumundan müdafiə sistemlərindən yayınmaq üçün aşağı hündürlükdə uçan qanadlı raket, digəri isə səs sürətini beş dəfədən çox üstələyən hipersəs raketidir.
Britaniya tərəfi hesab edir ki, layihə plan üzrə irəliləyir və Avropanın ABŞ hərbi dəstəyindən asılılığını azaltmaq istiqamətində mühüm simvola çevrilə bilər.
Bununla yanaşı, tərəflər layihənin 2034-cü il üçün nəzərdə tutulan tamamlanma tarixindən daha tez başa çatdırılmasının mümkünlüyünü də müzakirə edirlər.
Bundan əvvəl bir sıra Avropa müdafiə şirkətləri atmosferdən kənarda orta və orta uzaq mənzilli ballistik raketləri məhv edə biləcək raket əleyhinə sistem hazırlamaq məqsədilə konsorsium yaratmaq barədə razılığa gəliblər.
İyulun 14-də Parisdə "Thales", "Airbus", "MBDA Deutschland", "Safran" və "Destinus" şirkətləri "Bliksem EXO" adlı konsorsiumun yaradılması ilə bağlı niyyət protokolunu imzalayıblar.
Layihənin məqsədi Avropanın raketdən müdafiə sahəsində müstəqil həllərinin hazırlanması, o cümlədən ayrılan və manevr edən döyüş başlıqlarına malik orta mənzilli ballistik raketlərə qarşı müdafiə imkanlarının yaradılmasıdır.
Şirkətlər növbəti üç ay ərzində konsorsiumun yaradılması ilə bağlı hüquqi baxımdan məcburi saziş imzalamağı planlaşdırırlar.
Samir


