Boris Conson 200 milyon funt-sterlinqlik siqaret qaçaqmalçılığı sxemini araşdırmağa çağırdı

DÜNYA
13:03 / 21.07.2026
76

Böyük Britaniyanın sabiq baş naziri Boris Conson Ukraynadan siqaret qaçaqmalçılığı ilə bağlı irəli sürülən iddiaların araşdırılmasına çağırıb. 

HİT.az xəbər verir ki, "Daily Mail" qəzetinin məlumatına əsasən, söhbət hər il təxminən 200 milyon funt sterlinq həcmində vergi itkilərinə səbəb olduğu iddia edilən sxemdən gedir.

"Tsenzor.NET"in "Daily Mail"ə istinadən yaydığı məlumata görə, vaxtilə "NatWest" bankının Uotford filialında qeydiyyatdan keçmiş iki Böyük Britaniya şirkəti Ukraynada fəaliyyət göstərdiyi iddia olunan tütün istehsalı müəssisəsinin əsas səhmdarları kimi göstərilir.

Məlumata görə, sözügedən şəbəkə Ukrayna və Avropa bazarlarında qanunsuz siqaret satışı həyata keçirmək, həmçinin ofşor şirkətlərdən istifadə etməklə hər il təxminən 180 milyon funt sterlinq məbləğində vergidən yayınmaqda şübhəli bilinir.

Boris Conson vəziyyəti "tamamilə qalmaqallı" adlandıraraq həm Ukrayna, həm də Böyük Britaniya hakimiyyətini sərt tədbirlər görməyə çağırıb.

"Bu qəhrəman ölkənin Rusiya ordusuna qarşı mübarizə aparmaq üçün vergi gəlirlərinin hər qəpiyinə ehtiyacı olduğu bir vaxtda belə fəaliyyətlər dayandırılmalı və günahkarlar məsuliyyətə cəlb edilməlidir", deyə o bildirib.

Ukrayna Ali Radasının deputatı və parlamentin vergi komitəsinin sədr müavini Yaroslav Jeleznyak da iki ölkənin bu iddiaların araşdırılması istiqamətində birgə hərəkət etməsinin vacibliyini vurğulayıb.

Ukrayna İqtisadi Təhlükəsizlik Bürosunun (BEB) məlumatına görə, tütün aksizləri ölkə dövlət büdcəsinin təxminən 7 faizini təşkil edir və əsas gəlir mənbələrindən hesab olunur.

Qurum bildirir ki, ötən il ölkədə satılan hər beş siqaret qutusundan biri saxta olub və nəticədə dövlət büdcəsi təxminən 500 milyon funt sterlinq həcmində vergi gəlirini itirib.

Araşdırmalara əsasən, 2025-ci ildə qanunsuz hesab edilən siqaretlərin 37 faizinin "Marshall Finest Tobacco" şirkəti tərəfindən istehsal olunduğu iddia edilir.

İstintaq materiallarında şirkətin qanuni istehsalçı adı altında qeydiyyata alınmayan tütün məmulatlarının istehsalı sxemi yaratdığı irəli sürülür. İddialara görə, məhsullar Ukraynada saxta aksiz markaları ilə satılıb, eyni zamanda Avropa İttifaqına qaçaqmalçılıq yolu ilə aparılaraq nağd şəkildə realizə olunub.

BEB "The Mail on Sunday" nəşrinə təsdiqləyib ki, cinayət işi üzrə ibtidai istintaq davam edir.

"Marshall Finest Tobacco" şirkətinin direktoru İqor Bratçenko şirkətin qanunsuz istehsal, qaçaqmalçılıq və ya saxta tütün məhsullarının yayılması ilə hər hansı əlaqəsini qəti şəkildə inkar edib.

Onun sözlərinə görə, şirkət Ukrayna qanunvericiliyinə uyğun fəaliyyət göstərir və bütün normativ tələblərə əməl edir.

Samir

0