ABŞ Vergi Xidmətinin rəhbəri əvvəlki iş yerində həmkarlarını izləyib

DÜNYA
16:08 / 21.07.2026
63

ABŞ Vergi Xidməti (IRS) və Sosial Təminat Administrasiyasının (SSA) rəhbəri Frenk Bisinyanonun on ildən artıq əvvəl "JPMorgan Chase" bankında baş əməliyyat direktoru vəzifəsində çalışarkən həmkarlarına qarşı gizli nəzarət təşkil etdiyi iddia olunur.

HİT.az xəbər verir ki, "The Wall Street Journal" qəzetinin mənbələrə istinadən yaydığı məlumata görə, Bisinnyano vəzifə səlahiyyətlərindən istifadə edərək bankın yüksək səviyyəli rəhbərlərinin, o cümlədən hazırda "Wells Fargo"nun rəhbəri olan Çarli Şarfın elektron yazışmalarına çıxış əldə edib.

İddialara əsasən, o, həmçinin əməkdaşların fəaliyyətini klaviş basmalarını qeydə alan xüsusi proqram təminatı vasitəsilə izləyib və bunun sayəsində məxfi sənədlərə çıxış əldə edib.

Mənbələrin sözlərinə görə, Bisinnyano bu üsullarla şəxsi nüfuzunu gücləndirməyə, potensial rəqiblərini zəiflətməyə və məxfi məlumatlar əldə etməyə çalışıb.

Bildirilir ki, 2013-cü ildə onun bankdan ayrılmasından sonra "JPMorgan Chase" hüquqşünasları bu fəaliyyətə dair rəqəmsal izlər aşkar edib və nəticədə bankda məxfi məlumatlara çıxış qaydaları sərtləşdirilib.

Frenk Bisinnyanonun vəkili isə bütün ittihamları qəti şəkildə rədd edib. O bildirib ki, müvəkkili heç vaxt həmkarlarına qarşı casusluq etməyib, bu istiqamətdə heç kimə göstəriş verməyib və səlahiyyətindən kənar məxfi sənədlərə çıxış əldə etməyib.

Vəkilin sözlərinə görə, Bisinnyanonun həmkarları ilə şəxsi və peşəkar münasibətləri həmişə yaxşı olub, onun 2013-cü ildə bankdan ayrılması isə könüllü xarakter daşıyıb və karyera inkişafı ilə bağlı olub.

Samir

0