İnternetdə tanış olduğu şəxslə "ölüm razılaşması" bağladı - ŞOK

DÜNYA
18:00 / 28.07.2026
46

İngiltərədə yaşayan 32 yaşlı Soniya Ekselbinin ölümü ilə bağlı ortaya çıxan yeni detallar beynəlxalq medianın diqqət mərkəzinə düşüb. 

HİT.az xəbər verir ki, istintaq materiallarına görə, psixi sağlamlıq problemləri yaşayan qadın internetdə tanış olduğu ABŞ vətəndaşı Dveyn Holl ilə həyatına son qoyulması barədə razılığa gəlib. Lakin hadisələrin sonrakı inkişafı işin əvvəlcədən planlaşdırılmış razılaşmadan daha ağır cinayət olduğunu göstərib.

"The Telegraph"ın məlumatına görə, Portsmut şəhərində yaşayan Soniya Ekselbi təxminən iki il əvvəl internet platformalarından birində Dveyn Holl ilə tanış olub. İstintaqın məlumatına əsasən, onlar aylarla ölüm və işgəncə mövzularında yazışıblar. Prokurorluq iddia edir ki, qadın Holla onu öldürməsini xahiş edib, o isə bu təklifi qəbul edib.

İstintaqa görə, Soniya Ekselbi ötən il bu plan çərçivəsində birtərəfli biletlə ABŞ-ın Florida ştatına yollanıb. Lakin ölkəyə çatdıqdan qısa müddət sonra qərarını dəyişib.

Polisin əldə etdiyi yazışmalarda qadının dostlarından birinə "Çox qorxuram", "Məni buraxmır" və "Kaş bunu etməyəydim" yazdığı məlum olub. Müstəntiqlər hesab edirlər ki, bu mesajlar onun son anda razılaşmadan imtina etdiyini və qaçmağa çalışdığını göstərir.

İstintaq zamanı Dveyn Hollun mobil telefonundan silinməyə çalışılmış videolar bərpa edilib. Polis bildirir ki, görüntülərdə bədənində çoxsaylı göyərmələr olan Soniya Ekselbi yorğun və qorxu içində görünür, Holl isə ona dəfələrlə "Necə ölmək istəyirsən?" sualını verir.

Prokurorluğun iddiasına görə, Holl qadına ailəsinə ünvanlanmış məktub yazdırıb, həmçinin hər şeyi öz istəyi ilə etdiyini söylədiyi videolar çəkdirib. İstintaq bu materialların mümkün cinayət araşdırmasını çaşdırmaq məqsədi daşıdığını hesab edir.

Yaxınlarının itkin düşməsi barədə müraciətindən sonra aparılan axtarışlar nəticəsində Soniya Ekselbinin meyiti Floridanın Marion dairəsində yerləşən meşəlik ərazidə dayaz məzarda aşkar edilib.

Məhkəmə-tibb ekspertizasının rəyinə əsasən, qadın dörd bıçaq zərbəsi nəticəsində həyatını itirib.

Əvvəlcə Soniya Ekselbini tanımadığını deyən Dveyn Holl sonradan təhlükəsizlik kameralarının görüntüləri, telefon qeydləri və digər rəqəmsal sübutlarla üzləşdikdən sonra onunla görüşdüyünü etiraf edib.

Polis həmçinin müəyyən edib ki, Holl qadının bank kartlarından istifadə edib və hesabındakı vəsaitə çıxış əldə etməyə çalışıb.

Soniya Ekselbinin ailəsi onu "mehriban, mərhəmətli və zəngin təxəyyüllü insan" kimi xarakterizə edib.

Ailənin bəyanatında deyilir: "Həyat sənin üçün heç vaxt asan olmadı. Səni yaşadığın əzablarla deyil, ətrafına bəxş etdiyin sevgi, mərhəmət və geridə qoyduğun gözəlliklərlə xatırlayacağıq".

Hazırda Floridada həbsdə saxlanılan Dveyn Holla qarşı birinci dərəcəli qətl, adam oğurluğu, bank kartı fırıldaqçılığı və sübutları gizlətmə ittihamları irəli sürülüb. O, bütün ittihamları rədd edir. İş üzrə məhkəmə prosesinin yaxın aylarda başlanacağı gözlənilir.

Samir

0