Avstraliya sularında üzgəcləri ilə həm dəniz dibində, həm də quru səthində hərəkət edə bilən qeyri-adi köpəkbalığı növü yaşayır.
HİT.az xəbər verir ki, bu barədə "BBC Wildlife Magazine" məlumat yayıb.
Məlumata görə, gözlü epaulet köpəkbalığı ("Hemiscyllium ocellatum") avar formasında olan üzgəcləri sayəsində yeriyə bilir. O, təhlükə zamanı üzərək sürətlə gizlənsə də, əsasən dəniz dibi boyunca sürünərək hərəkət edir.
Bu növün daha bir maraqlı xüsusiyyəti isə aşağı oksigenli, isti sularda yaşaya bilməsidir. Gelgit zamanı su çəkildikdə köpəkbalığı oksigenə qənaət etmək üçün hərəkətə cavabdeh sinir sisteminin fəaliyyətini müvəqqəti zəiflədir, lakin yırtıcıları hiss etmək üçün hissiyyat sinirləri aktiv qalır.
Bundan əlavə, gözlü epaulet köpəkbalığı qan damarlarını genişləndirərək qan təzyiqini təxminən iki dəfə azalda və qan axınının daha çox hissəsini beyin və ürəyə yönləndirə bilir. Bu uyğunlaşmalar sayəsində o, oksigenin son dərəcə az olduğu şəraitdə belə, gelgit nəticəsində oksigenlə zəngin su geri qayıdanadək sağ qala bilir.
Köpəkbalıqları haqqında maraqlı faktlar
Bundan əvvəl "Digi24" köpəkbalıqları ilə bağlı maraqlı faktları təqdim edib. Araşdırmalara görə, bu heyvanlar təkcə üç ilə beş kimi sayları ayırd edə bilmir, həm də caz musiqisinə maraq göstərə bilirlər.
Alimlər bildirirlər ki, köpəkbalıqları müxtəlif səsləri, abstrakt naxışları və rəngli həndəsi fiqurları bir-birindən fərqləndirmək qabiliyyətinə malikdir. Təcrübələrdən birində boz pişik köpəkbalığının balalarının forma və optik illüziyalarla bağlı məlumatları təxminən bir il yadda saxlaya bildiyi müəyyən olunub.
Araşdırmalar həmçinin göstərib ki, onlar sadə riyazi müqayisələr apararaq üç və beş, eləcə də dörd və yeddi kimi sayları fərqləndirə bilirlər. Lakin bir-birinə çox yaxın olan, məsələn, dörd və beş kimi miqdarları ayırd etməkdə çətinlik çəkirlər.
Samir


