Qidalanma arterial təzyiqin nəzarətdə saxlanılmasında və ürək-damar sisteminin sağlamlığının qorunmasında mühüm rol oynaya bilər. Bir neçə kardioloq gündəlik rasionlarında üstünlük verdikləri və təzyiqin sağlam səviyyədə saxlanmasına kömək edə biləcək qidaları açıqlayıb.
HİT.az xəbər verir ki, “Verywell Health” nəşrinin məlumatına görə, mütəxəssislərin qeyd etdiyi məhsullar arasında qızılbalıq, rukola, çuğundur və kələm-kale yer alır.
Qızılbalıq
Kardioloq Ceffri Lender qızılbalığı faydalı seçimlərdən biri hesab edir. Onun sözlərinə görə, bu balıq ürək-damar sistemini dəstəkləyən omeqa-3 yağ turşuları ilə zəngindir və arterial təzyiqin müəyyən qədər azalmasına kömək edə bilər.
Qızılbalıq həmçinin yüksək keyfiyyətli zülal, D vitamini və B qrupu vitaminləri ilə zəngindir. Həkim onu zeytun yağı, limon, sarımsaq və göyərti ilə sobada bişirməyi, tərəvəz və tam taxıllı məhsullarla birlikdə qəbul etməyi tövsiyə edir.
Rukola
Kardioloq Cozef Diabes isə rukolanın tərkibindəki nitratlara diqqət çəkib. Orqanizm nitratları azot oksidinə çevirə bilir. Bu maddə qan damarlarının rahatlamasına və genişlənməsinə kömək edərək qan dövranını yaxşılaşdıra bilər.
Rukolanı çuğundur, az miqdarda keçi pendiri və ya feta, zeytun yağı və limon şirəsi ilə salat şəklində qəbul etmək mümkündür. Rukolanı sevməyənlər üçün ispanaq alternativ hesab olunur.
Çuğundur
Kardioloq Smadar Kort çuğundurun da ürək sağlamlığı üçün faydalı olduğunu bildirib. Bu tərəvəzin tərkibində nitratlarla yanaşı, lif, folat, kalium və antioksidantlar var. Sözügedən qida maddələri damarların və ürək-damar sisteminin fəaliyyətini dəstəkləyə bilər.
Çuğunduru salatlara əlavə etmək, sobada bişirmək və ya balıq kimi zülal mənbələrinin yanında qarnir kimi istifadə etmək mümkündür.
Kələm-kale
Kardioloq Kristofer Linin sözlərinə görə, kale də təbii nitrat mənbəyidir. Bu maddələr qan damarlarının genişlənməsinə və arterial təzyiqin sağlam səviyyədə saxlanmasına kömək edə bilər.
Kale eyni zamanda liflə zəngindir. Həkim onu salatlara əlavə etməyi və gündəlik qidalanmada sadə şəkildə istifadə etməyi məsləhət görür.
Mütəxəssislərin fikrincə, bu məhsullar sağlam qidalanmanın bir hissəsi kimi faydalı ola bilər, lakin yüksək arterial təzyiq zamanı yalnız qidalanmaya güvənmək və həkim tərəfindən təyin olunan müalicəni dayandırmaq olmaz.
Samir


