Efesdə torpaq altından 1200 illik sirr üzə çıxdı

DÜNYA
21:38 / 29.07.2026
40

Türkiyənin qədim Efes şəhərində aparılan arxeoloji qazıntılar zamanı Bizans dövrünə aid qeyri-adi dəfn yeri aşkar edilib. 

HİT.az xəbər verir ki, Artemida məbədi ətrafında aparılan tədqiqatlar zamanı vaxtilə istifadədən çıxmış qədim kanalın içərisində yerləşdirilmiş daş sərdabə tapılıb.

Arxeoloqların açdığı sərdabədə doğulmamış və ya doğulduqdan qısa müddət sonra vəfat etdiyi ehtimal edilən vaxtından əvvəl doğulmuş əkiz körpələrin skeletləri aşkar olunub. Dəfn V–IX əsrlərə aid edilir. Tapıntının Efesin məlum rəsmi qəbiristanlıq sərhədlərindən kənarda yerləşməsi alimlər tərəfindən qeyri-adi hal kimi qiymətləndirilir.

Laboratoriyada aparılan analizlər göstərib ki, körpələr hamiləliyin təxminən 33–34-cü həftəsində dünyaya gəliblər. Skeletlərin sərdabədə yanaşı və bir-birinə toxunacaq şəkildə yerləşdirilməsi onların əkiz olmasına dair ehtimalı gücləndirir. Bu nəticə yaxın vaxtlarda tamamlanacaq DNT analizləri ilə dəqiqləşdiriləcək.

Tədqiqat zamanı qalıqlarda zorakılıq və ya ciddi xəstəlik əlamətləri aşkarlanmayıb. Bununla belə, körpələrdən birində boyun fəqərəsinə bağlı əlavə qabırğa sümüyü müəyyən edilib. Mütəxəssislər bildirirlər ki, nadir rast gəlinən bu irsi xüsusiyyət vaxtından əvvəl doğuş və körpə ölümü riskini artıran genetik amillərlə əlaqəli ola bilər.

Alimlərin fikrincə, həmin dövrdə dini ənənələrlə ictimai mərasimlər arasında müəyyən ziddiyyətlər mövcud olub. Körpələrin şəhər qəbiristanlığında deyil, məbədin yaxınlığında dəfn edilməsi ailənin dini qaydalar və mənəvi hisslər arasında xüsusi həll yolu seçdiyini göstərə bilər. Xüsusilə vəftiz olunmadan vəfat etmiş körpələrin belə qayğı ilə daş sərdabədə dəfn edilməsi ailənin onlara göstərdiyi ehtiramın və yaşadığı dərin kədərin göstəricisi hesab olunur.

Tədqiqatçılar qeyd edirlər ki, ana və körpə ölümlərinin geniş yayıldığı həmin dövrdə bu cür gizli dəfnlər qədim cəmiyyətlərin yas mərasimləri və dini inancları haqqında mühüm məlumatlar təqdim edir.

Samir
 

0