Yupiterin buzla örtülü Avropa peyki uzun illərdir kosmik tədqiqatların ən maraqlı obyektlərindən biri hesab olunur. İndiyədək alimlər səthdəki çatlardan çıxan suyun buz təbəqəsinin altında yerləşən nəhəng okeandan gəldiyini düşünürdülər. Lakin yeni araşdırma bu geniş yayılmış fərziyyəni ciddi şəkildə şübhə altına alıb.
HİT.az xəbər verir ki, Rutgers Universitetinin yerşünası Lujendra Ocxa və onun rəhbərlik etdiyi tədqiqat qrupu suyun buz kütlələri arasındakı dar çatlarla necə hərəkət etdiyini riyazi modellər vasitəsilə araşdırıb. Tədqiqat zamanı suyun axın sürəti, kanalların eni və həddindən artıq soyuma kimi əsas amillər nəzərə alınıb.
Nəticələr göstərib ki, dərinlikdəki maye su səthə doğru yüksələrkən istiliyini çox sürətlə itirir. Su qısa müddətdə donaraq hərəkət etdiyi kanalları bağlayır və bunun nəticəsində onun buz qatını keçərək səthə çatması faktiki olaraq mümkünsüz olur.
Alimlər bildirirlər ki, bu nəticə Avropanın səthində müşahidə olunan dayaz su qatlarının dərin okeandan qaynaqlanmadığını göstərir. Yeni modelə əsasən, həmin su buz qabığının əriməsi nəticəsində əmələ gəlir.
"Nature Astronomy" jurnalında dərc olunan araşdırmanın nəticələri gələcək kosmik missiyaların istiqamətinə də təsir göstərə bilər. Mütəxəssislərin fikrincə, gələcəkdə Avropanın səthinə enəcək kosmik aparatların araşdıracağı dayaz su qatları yeraltı okeanın birbaşa nümunələri olmayacaq.
Bu səbəbdən alimlər gələcək tədqiqatlarda ilk növbədə səthdəki suyun dəqiq mənşəyini müəyyənləşdirməyin vacib olduğunu vurğulayırlar.
Samir


