Rumıniyada "böyüyən daşlar": Trovantlar haqqında nə məlumdur?

DÜNYA
17:12 / 29.07.2026
43

Rumıniyanın Buzeu bölgəsində yerləşən trovantlar Avropanın ən sirli təbiət abidələrindən biri hesab olunur. Yerli sakinlər və turistlər arasında "canlı daşlar" kimi tanınan bu geoloji quruluşlar hər il minlərlə ziyarətçini özünə cəlb edir.

HİT.az xəbər verir ki, trovantlar qeyri-adi forma və görünüşləri ilə seçilir. Onlara aparan marşrut Buzeu vilayətinin Ulmet kəndindən başlayır və təxminən 30–40 dəqiqəlik piyada yürüş tələb edir.

Marşrut çətin hesab edilmir və uşaqlı ailələr üçün də uyğundur. Xüsusi avadanlığa ehtiyac olmasa da, torpaq yollar və təpəlik ərazilər səbəbindən rahat ayaqqabı geyinilməsi tövsiyə olunur. Dayanacaqlar və mənzərəni seyr etmək üçün ayrılan vaxt da nəzərə alınarsa, səyahət təxminən iki saat çəkir.

Yolun ortasında turistlər yerli məhsulların satıldığı kiçik köşkə rast gəlirlər. Burada ağcaqayın çiçəyindən hazırlanan ənənəvi içki, müxtəlif limonadlar, blinçiklər, ponçiklər, həmçinin mürəbbə, şərbət və bal almaq mümkündür.

"Canlı daşlar"ın yerləşdiyi əraziyə giriş ödənişlidir və bir nəfər üçün 11 Rumıniya leyi təşkil edir. Ərazidə müəyyən qaydalar da tətbiq olunur. Məsələn, daşların üzərinə çıxmağa icazə verilmir.

Alimlərin sözlərinə görə, trovantlar milyonlarla il əvvəl qum və mineralların təbii sementləşməsi nəticəsində yaranmış qumdaşı formasiyalarıdır. Onların bəziləri kürə, göbələk və ya insan siluetini xatırladan formaya malikdir.

"Canlı daşlar" ifadəsi onların böyüdüyü və ya çoxaldığı barədə yayılmış inanclardan qaynaqlanır. Lakin mütəxəssislər bildirirlər ki, müşahidə olunan ölçü dəyişiklikləri geoloji proseslərlə bağlıdır. Daşın daxilindən keçən su mineralları daşıyaraq qumdaşı nüvəsinin ətrafında yeni qatlar əmələ gətirir və nəticədə yeni formalar yaranır və ya mövcud quruluş dəyişir.

Oxşar geoloji quruluşlara dünyanın başqa bölgələrində də rast gəlinsə də, Rumıniyadakı trovantlar forma müxtəlifliyi və bir ərazidə sıx şəkildə yerləşməsi ilə fərqlənir.

Bu daşlarla bağlı müxtəlif əfsanələr də mövcuddur. Onlardan birinə görə, güclü yağışlardan sonra iri daşların ətrafında görünən kiçik daşlar onların "övladları" hesab olunur. Alimlər isə bunu yalnız mineralların çökməsi və uzunmüddətli geoloji proseslərin nəticəsi kimi izah edirlər.

Samir

0