Malayziyanın Cohor ştatının polisi onlayn fırıldaqçılıqla məşğul olan iki cinayətkar qruplaşmanın fəaliyyətini dayandırmaq üçün əməliyyat keçirib.
HİT.az xəbər verir ki, "The Straits Times" qəzetinin məlumatına görə, əməliyyat zamanı 335 nəfər saxlanılıb. Onlardan 309-u Çin vətəndaşıdır. Qruplaşmaların rəhbərlərinin axtarışı davam edir.
Polisin məlumatına görə, saxlanılan şəxslərin bir çoxunun xaricdə fəaliyyət göstərən onlayn fırıldaqçılıq mərkəzlərində işləmək təcrübəsi olub. Qruplaşmalar əsasən kriptovalyutalara investisiya adı altında edilən fırıldaqçılıq və saxta romantik münasibətlər üzərindən qurulan dələduzluq sxemləri ilə məşğul olub.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, bu sxemlərin əsas qurbanları Çin və İndoneziya vətəndaşları olub.
Hər iki qruplaşma xüsusi maliyyə zonası olan Forest City ərazisində fəaliyyət göstərmək üçün binalar icarəyə götürüb. Ümumilikdə fırıldaqçıların 27 mənzili və beş bungalovu olub.
Polis həmin ərazilərdə apardığı axtarışlar zamanı təxminən 1,9 min elektron cihaz müsadirə edib. Onların arasında 313 kompüter, 1,5 min mobil telefon, 17 noutbuk və 10 modem olub.
Samir

