II Qaregin həbs olunacaq?

DÜNYA
15:30 / 29.07.2026
233

Ermənistanda bütün ermənilərin katolikosu II Qareginlə bağlı daha bir addım atılıb.

Belə ki, prokrorluq II Qaregin, Erməni Apostol Kilsəsinin altı yepiskopu və arxiyepiskopuna qarşı cinayət işini məhkəməyə göndərib. Onlar, dini rütbədən məhrum edilmiş Masiatsotn yeparxiyasının sabiq rəhbəri Arman Saroyanın iddiası üzrə təminat tədbirinin tətbiq edilməsi barədə məhkəmə qərarının icrasına mane olmaqda ittiham edilirlər. Xatırladaq ki, cari ilin fevral ayında II Qareginə qarşı cinayət təqibinə başlayıb və onun ölkədən çıxışına qadağa qoyub.

Maraqlıdır, Paşinyan onu proseslərdən kənarlaşdırmaq üçün həmlə edəcək? II Qareginin həbs olunması gözlənilir?

Mövzu ilə bağlı politoloq Aydın Quliyev Hit.az-a açıqlamasında bildirib ki, Ermənistandakı siyasi proseslər II Qareginin həbsinə doğru gedir: 


“Bu qəti proqnozu əsaslandıran bir neçə arqument var. Unutmayaq ki, kilsə həmişə Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətini dəstəkləyən və onu körükləyən bir qaranlıq mərkəz rolunu oynayıb.

Nikol Paşinyan isə Ermənistanın qonşulara, xüsusilə də Azərbaycana qarşı təcavüzkar ərazi iddialarından həmişə giley-güzar edib. Yəni onun nəzərində II Qaregin həm ölkənin sabit inkişafının, həm də Ermənistanın qonşularla normal təhlükəsizlik münasibətlərinin əsas düşməni sayılan bir fiqur kimi görünür”.

Ekspert qeyd edib ki, Vətən müharibəsi bitəndən sonra Ermənistanda Paşinyana qarşı başlamış siyasi inqilab hərəkatının aparıcı mərkəzi məhz kilsə olmuşdu:
“Hətta bir neçə dəfə kilsə xadimləri Qareginin yaxın çevrəsinin dəstəyi ilə küçə aksiyaları keçirdilər, müharibədən sonrakı parlament seçkilərində Paşinyanın hakimiyyətini devirmək üçün əllərindən gələni etdilər, onun xaricdə arzulamadığı siyasi mərkəzlərlə müəyyən əlaqələrə keçdilər. Bütün bunlar onu deməyə əsas verir ki, Paşinyan Qareginin dini missiyanı unutduraraq qaranlıq bir siyasi mərkəzə çevrilməsini həzm edə bilmir və bununla mübarizə aparmaq əzmindədir.

Digər tərəfdən, Paşinyanın düşüncəsinə görə, II Qaregin dini dəyərlərə də xəyanət etmiş biri kimi ittiham olunmalıdır. Paşinyan dəfələrlə onun müqəddəs dini qaydaları pozaraq bir xristian kilsə xadiminə yaraşmayan formada gizli şəkildə evlənməsini və hətta uşaq sahibi olduğunu deyib. Üstəlik, Baş nazirin dilindən Qareginin kriminal xarakterli bəzi əməlləri ilə də bağlı informasiyalar almışıq”.

Aydın Quliyev diqqətə çatdırıb ki, sonuncu parlament seçkilərindən sonra Qareginin hələ də Paşinyana meydan oxuması sonunu gətirdi:
“Bu, Paşinyanı onunla bağlı müəyyən qərarlarla üz-üzə qoydu. Qəti şəkildə demək mümkündür ki, Ermənistan Konstitusiyasının, parlamentin birinci iclasında katolikosun xeyir-dua verməsini hüquqi bir norma kimi hələ özündə saxlaması Paşinyanla II Qaregin arasında ciddi ziddiyyət mənbəyi olaraq qalır. 

Baş nazir parlamentin birinci iclasının katolikos tərəfindən açılmasını istəmir. Buna görə də parlamentin birinci iclası açılana qədər II Qaregin və onun yaxın çevrəsinə qarşı hüquqi müstəvidə ciddi addımlar atılması gözlənilir. Hətta katolikosun həbs olunacağını da istisna etmirəm. Paşinyan dəfələrlə onun yerinə daha layiqli namizədlərin olduğunu da söyləyib”.

Pərviz

0