Ukrayna Təhlükəsizlik Xidmətinin ("SBU") məlumatına görə, söhbət internet tanışlıqları və saxta görüşlər vasitəsilə Ukrayna Müdafiə Qüvvələrinin hərbçilərinə qarşı planlaşdırılan sui-qəsd cəhdlərindən gedir.
HİT.az xəbər verir ki, "SBU"nun yaydığı məlumata əsasən, Rusiya xüsusi xidmət orqanları son vaxtlar ukraynalı hərbçiləri öldürmək məqsədilə "bal tələsi" (honey trap) kimi tanınan üsuldan daha fəal istifadə edir. Qurum bildirir ki, hərbçilər internet üzərindən tanışlıq və qadınlarla saxta görüşlər təşkil edilməklə əvvəlcədən hazırlanmış plan əsasında hədəfə alınır. Məlumata görə, yalnız 2026-cı ilin əvvəlindən etibarən "SBU" bu qəbildən olan 50-dən çox hadisənin qarşısını alıb.
Qurumun məlumatına görə, Rusiya tərəfi əsasən tanışlıq saytlarından və messencerlərdəki tematik çatlardan istifadə edir. Saxta profillər vasitəsilə hərbçilərə romantik münasibət və görüş təklif olunur, daha sonra isə onlar əvvəlcədən hazırlanmış məkanlara cəlb edilərək öldürülməyə cəhd edilir. Bunun üçün, əsasən, əldəqayırma partlayıcı qurğuların, narkotik, psixotrop və digər kimyəvi maddələr əsasında hazırlanmış ölümcül zəhərlərin istifadə edildiyi bildirilir.
"SBU"nun açıqlamasında qeyd olunur ki, 2025-ci ilin martında Xarkov vilayətində "FSB" agenti olduğu iddia edilən bir qadın saxlanılıb. İstintaqın versiyasına görə, o, "könüllü yardım" adı altında Ukrayna Silahlı Qüvvələrinin hərbçisinə zəhər qatılmış dərman və ərzaq məhsulları verib.
Digər bir hadisədə isə Rusiya agenti olduğu bildirilən qadının hərbçiyə ölümcül dozada metadon qatılmış içki göndərdiyi iddia olunur. Daha sonra həmin şəxsin videobağlantı vasitəsilə onlayn görüş zamanı bu içkini birlikdə içməyi təklif etdiyi bildirilir.
Bundan əlavə, "SBU"nun məlumatına əsasən, 2026-cı ilin yanvarında Zaporojyedə Ukrayna Silahlı Qüvvələrinin hərbçisini bıçaqlamağa cəhd edən və "FSB" agenti-killeri kimi təqdim edilən şəxs saxlanılıb. Bildirilir ki, hərbçi tanışlıq saytındakı qadın adı ilə yaradılmış saxta profil vasitəsilə şəhərin sənaye zonasına görüşə çağırılıb.
Hazırda bu və digər faktlarla bağlı Ukrayna Cinayət Məcəlləsinin dövlətə xəyanət (111-ci maddə), qəsdən adam öldürmə (115-ci maddə) və terror aktı (258-ci maddə) üzrə araşdırmalar davam etdirilir. Təqsirləndirilən şəxsləri ömürlük azadlıqdan məhrumetmə və əmlakın müsadirəsi cəzası gözləyir.
Xatırladaq ki, bundan əvvəl Rusiya Federal Təhlükəsizlik Xidməti ("FSB") Ukrayna xüsusi xidmət orqanlarını Moskvadakı Troekurov qəbiristanlığında terror aktı hazırlamaqda ittiham edib.
"FSB" iddia edib ki, hədəf Rusiya dövlətinin yüksək vəzifəli şəxslərindən biri olub və həmin şəxs qohumlarının məzarını ziyarət edərkən hücum planlaşdırılıb. Qurumun versiyasına görə, bu məqsədlə Ukrayna xüsusi xidmət orqanları Mərkəzi Asiyadan olan bir miqrantı, Kiyev sakinini və iki Rusiya vətəndaşını – ər-arvadı əməkdaşlığa cəlb edib.
"FSB" həmçinin bildirib ki, istintaq çərçivəsində saxlanılan şəxslərdə "WhatsApp" və "Signal" messencerlərində Ukrayna xüsusi xidmət orqanlarının nümayəndəsi olduğu iddia edilən şəxslə yazışmalar aşkarlanıb. Bundan başqa, çiçək vazasının içində gizlədilmiş müşahidə kamerasının tapıldığı irəli sürülüb.
Samir


