Şotlandiya ilə materik Avropası arasında birbaşa gecə qatarı reysləri gələcəkdə reallaşa bilər.
HİT.az xəbər verir ki, "The Independent" qəzetinin yazdığına görə, ölkədə belə marşrutun yaradılması imkanlarının araşdırılması istiqamətində ilk addımlar artıq atılıb.
Şotlandiyanın Milli Nəqliyyat Agentliyi – "Transport Scotland" bu həftə bildirib ki, xüsusi yaradılmış işçi qrup "Caledonian Sleeper" gecə qatarının materik Avropasına qədər uzadılması ilə bağlı texniki-iqtisadi əsaslandırmanın hazırlanmasına başlayıb.
Hazırda "Scottish Rail" şirkətinin idarə etdiyi "Caledonian Sleeper" qatarı həftədə altı gecə fəaliyyət göstərir və beş marşrut üzrə hər iki istiqamətdə hərəkət edir. Qatar Aberdin, İnverness, Fort-Uilyam, Qlazqo, Edinburq və London şəhərlərini birləşdirir. Bundan başqa, o, Dandi, Pert, Qleniqls və Karlayl kimi kiçik stansiyalarda, eləcə də İngiltərə və Şotlandiyanın kənd ərazilərində də dayanır.
İşçi qrupun tərkibinə "Transport Scotland", "Scottish Rail Holdings" və "Caledonian Sleeper" şirkətlərinin nümayəndələri daxildir. Onlar gecə qatarının marşrutunun materik Avropasına qədər uzadılması imkanlarını araşdıracaqlar.
Araşdırma Şotlandiya hökumətinin seçki proqramı çərçivəsində həyata keçirilir. Həmin proqramda Şotlandiya Milli Partiyası (SNP) ölkənin aviareyslərdən asılılığını azaltmaq məqsədilə Avropa ilə dəmir yolu əlaqəsinin yaradılması imkanlarını öyrənəcəyinə söz verib.
Proqramda "Caledonian Sleeper" qatarının Şotlandiyadan "La-Manş" boğazının altındakı "Avrotunel" vasitəsilə materik Avropasına qədər uzadılması variantları nəzərdən keçirilir. Hazırda bu tuneldən Londondan Parisə və digər Avropa şəhərlərinə hərəkət edən yüksək sürətli "Eurostar" qatarları istifadə edir.
Qeyd olunur ki, "Nightstar" adlı oxşar layihə hələ 1990-cı illərin ortalarında təklif edilmişdi, lakin sonradan ondan imtina olunmuşdu.
Şotlandiyanın iqtisadiyyat, turizm və nəqliyyat naziri Stiven Flinn bildirib ki, hökumət "Caledonian Sleeper" qatarının materik Avropasına qədər birbaşa marşrutunun yaradılması perspektivlərini araşdırmağı öhdəsinə götürüb və bu proses artıq rəsmi şəkildə başlayıb.
Onun sözlərinə görə, işçi qrupun yaradılması bu öhdəliyin yerinə yetirilməsi istiqamətində mühüm ilk addımdır və araşdırmanın hazırlanması zamanı dəmir yolu tərəfdaşlarının ekspert təcrübəsindən istifadə etməyə imkan verəcək.
Nazir vurğulayıb ki, layihə hələ ilkin mərhələdədir. Araşdırma marşrutun həyata keçirilməsinin praktiki, texniki və kommersiya aspektlərini qiymətləndirəcək və əldə ediləcək nəticələr gələcək qərarların qəbulunda əsas rol oynayacaq.
İşçi qrupun araşdırmanın nəticələrini bu ilin sonunadək Şotlandiya hökumətinə təqdim edəcəyi gözlənilir.
Samir


