Antarktidada 183 metr dərinliyə kamera endirdilər: Gördükləri gözlənilməz oldu

DÜNYA
22:56 / 06.08.2026
39

Yer okeanının dərinliklərinin təxminən 99,99 faizi hələ də öyrənilməmiş qalır. Buna baxmayaraq, Antarktida buzlaqlarının altından əldə edilən yeni məlumatlar həyatın sərhədləri barədə təsəvvürləri dəyişir.

HİT.az xəbər verir ki, Günəş işığının tamamilə çatmadığı mühitlərdə mürəkkəb canlıların yaşaması mümkün görünməsə də, alimlər bunun əksini göstərən maraqlı müşahidələr aparıblar. Dəniz bioloqlarının diqqətini çəkən əsas tapıntılardan biri ölü balıq, suiti və pinqvin qalıqları ilə qidalanan ətyeyən dəniz xərçəngkimilərinin (amfipodların) bölgənin ekosisteminin təmiz saxlanılmasında mühüm rol oynaması olub. Alimlər bildirirlər ki, bu nəticələr həyatın planetin ən sərt şəraitində belə davam edə bildiyini göstərir.

2009-cu ildə ABŞ-ın "NASA" Kosmik Agentliyinin mütəxəssisləri "Ross" buz şelfində 183 metr dərinliyində qazma işi aparıblar. "Jet Propulsion Laboratory" ("JPL") tərəfindən hazırlanmış xüsusi kamera buz qatının altına endirilib. Tədqiqatçılar əvvəlcə burada yalnız sadə mikroorqanizmlərin izlərini aşkar edəcəklərini gözləyirdilər.

Gözləntilərin əksinə olaraq, kamera inkişaf etmiş canlı növünü qeydə alıb. Açıq okeandan təxminən 32 kilometr aralıda qeydə alınan bu canlı "Lysianassidae" fəsiləsinə aid karidesəbənzər amfipod olub.

"NASA"nın buzlaq üzrə mütəxəssisi Robert Bindşadlerin sözlərinə görə, amfipod kameranın kabelinin ətrafında dövrə vuraraq onu maraqla araşdırıb. Alimlər bu mənzərə qarşısında təəccüblərini gizlədə bilməyiblər. Onların fikrincə, qida zəncirində mühüm yer tutan belə bir növün mövcudluğu həmin ərazidə bioloji müxtəlifliyin gözləniləndən daha zəngin olduğunu göstərir.

Buz qatının altındakı bu yaşayış mühitinin yalnız bir növdən ibarət olmadığı da müəyyən edilib. Qazma işləri başa çatdıqdan sonra qalın kabel yenidən səthə çıxarılarkən onun üzərində meduza qalıqları aşkar olunub.

Bu tapıntıdan sonra tədqiqatçılar 2022-ci ildə "Ross" buz şelfinin bir neçə kilometr kənarında yeni araşdırma apararaq təxminən 500 metr dərinliyə enib və buzaltı çay sistemlərini öyrəniblər.

Yeni tədqiqat zamanı sualtı kameralar geniş amfipod sürülərini görüntüləyib. Ərazidəki bioloji aktivliyi araşdıran fiziki okeanoqraf, professor Kreyq Stivens bildirib ki, 10 günlük müşahidələr zamanı canlıların sayının niyə davamlı dəyişdiyini müəyyənləşdirməyə çalışıblar.

Onun sözlərinə görə, bu canlıların qida mənbələrinin haradan gəldiyi hələ də cavabsız qalan əsas elmi suallardan biridir.

Alimlər qeyd edirlər ki, dünya okeanının hələ xəritələşdirilməmiş nəhəng dərinlikləri ilə müqayisədə bu tapıntılar kiçik addım sayılsa da, Antarktida buzlaqlarının altında həyatın araşdırılması elm üçün böyük əhəmiyyət daşıyır.

Samir
 

0