Quş müşahidəsi (berdvotçinq) son illərdə dünyanın müxtəlif ölkələrində sürətlə populyarlaşır.
HİT.az xəbər verir ki, ABŞ-ın "Condé Nast Traveler" jurnalının yazdığına görə, müasir turistlər getdikcə daha çox rahat istirahəti nadir quş növlərini təbii mühitdə izləmək imkanı ilə birləşdirən səyahətlərə üstünlük verirlər.
Bir çox otel və ekoloji istirahət məkanları quşların yaşadığı ərazilərdə yerləşdiyindən, onları hətta qaldığınız yerdən ayrılmadan müşahidə etmək mümkündür. İstər təcrübəli quş müşahidəçisi, istərsə də təbiət həvəskarı olun, aşağıdakı istiqamətlər bu sahədə dünyanın ən yaxşı məkanları hesab edilir.
Şri-Lanka
"Vilpattu", "Sinharaja" və "Yala" milli parkları təkcə bəbirlər və ayılarla deyil, həm də 34 endemik quş növü ilə tanınır. Burada nadir qırmızıalınlı malkoha, Şri-Lanka mavi sağsağanı, rəngarəng arıçılar və malabar kərgədanquşlarını görmək mümkündür.
Malayziya
"Lanqkavi" adası Şərqi Asiya və Avstraliya arasında əsas quş köçü marşrutlarından biri üzərində yerləşir. Burada 260-dan çox quş növü yaşayır və onların təxminən üçdə biri köçəri növlərdir. Fotoqrafların ən çox diqqətini narıncıqarın nektarquşu, al-qırmızı nektarquşu və zolaqlı balıqçıl çəkir.
Keniya
"Masai Mara" qoruğu və Keniya dağı ətrafı 1000-dən çox quş növünə ev sahibliyi edir. Ən məşhurları ölkənin milli quşu sayılan yasəmənsinəli rul, həmçinin arıçılar, barbetlər, məxmərquşlar və digər rəngarəng növlərdir.
Hindistan
"Bandhavqarh" Milli Parkında 250-dən çox quş növü yaşayır. Burada kərgədanquşları, tutuquşular, sığırçınlar, bulbullar və dörd növ kərkəs, o cümlədən nəsli kritik təhlükə altında olan ağkürəkli kərkəs müşahidə edilə bilər.
Turistlər üçün peşəkar quş müşahidəsi turları təşkil olunur, hətta müxtəlif növlər onların səslərinə görə tanıdılır.
Madaqaskar
"Anjajavi" qoruğu adanın ən yaxşı qorunmuş təbii ərazilərindən biridir. Vaxtilə burada dünyanın ən böyük quşu hesab edilən fil quşu yaşayıb. Hazırda isə turistlər nadir endemik növlər, o cümlədən təpəli kuka və hophop quşunu görmək üçün bu bölgəyə üz tuturlar.
Şotlandiya
Şotlandiya dağlıq ərazilərində yerləşən "Spean Bridge" bölgəsində qızıl qartal, balıq qartalı, Avropa qızılquşu, qar qazı və digər növləri müşahidə etmək mümkündür. Tropik quşlar qədər rəngarəng olmasalar da, dağ mənzərələri bu müşahidələri xüsusi təsirli edir.
Kosta-Rika
"Monteverde"nin bulud meşələri məşhur parlaq ketsal və yüzlərlə kolibri növünün məskənidir. "Limon" əyalətində isə qırmızı ara tutuquşuları tez-tez turistlərin üzərindən uçur.
Vyetnam
Ölkənin mərkəzində yerləşən "Thua Thien-Hue" əyaləti Asiyada quş müşahidəsi üçün ən yaxşı istiqamətlərdən biri hesab olunur. Ümumilikdə Vyetnamda 900-dən çox quş növü qeydə alınıb və onların 18-i endemikdir.
Mavriki
"Bras d'Eau" Təbiət Parkı Mavriki milçəkqapanı, Mavriki toxucuquşu və Mavriki qırğısı kimi nadir endemik növlərlə tanınır. Parkın mərkəzindəki göl həm də köçəri quşları cəlb edir.
Filippin
"Palavan" adasının şimal hissəsi ölkənin quş müşahidəsi mərkəzi hesab olunur. Filippində təxminən 260 endemik quş növü yaşayır və onların 27-si yalnız bu adada rast gəlinir.
Ekvador
"Çoko-Andino" bölgəsi və "Qalapaqos" adaları quş müşahidəsi üçün dünyanın ən məşhur istiqamətləri sırasındadır. Burada maviayaqlı sümsükquşları, yüzlərlə kolibri növü, tukanlar, tanqara quşları, tutuquşular və ümumilikdə 400-dən çox quş növünü görmək mümkündür.
Mütəxəssislərin fikrincə, berdvotçinq getdikcə səyahətin əsas məqsədlərindən birinə çevrilir. Nadir quş növlərini təbii mühitdə müşahidə etmək imkanı həm peşəkar ornitoloqları, həm də vəhşi təbiəti yaxından tanımaq istəyən turistləri cəlb edir.
Samir


