"Politico": ABŞ və Ukrayna arasında kəşfiyyat əməkdaşlığı əvvəlki səviyyəyə qayıdıb

DÜNYA
20:39 / 06.08.2026
36

ABŞ və Ukrayna arasında kəşfiyyat məlumatlarının mübadiləsi son aylarda nəzərəçarpacaq dərəcədə yaxşılaşıb. 

HİT.az xəbər verir ki, bu barədə "Politico" nəşri ABŞ senatorlarının və ekspertlərin açıqlamalarına istinadən məlumat yayıb.

Məlumata görə, əməkdaşlıq 2025-ci ilin martında Ağ evin Donald Trampla Ukrayna Prezidenti Volodimir Zelenski arasında Oval kabinetdə baş tutan gərgin görüşdən sonra məlumat mübadiləsini qısa müddətə məhdudlaşdırmasının ardından yenidən əvvəlki səviyyəyə yüksəlib.

ABŞ Senatının Kəşfiyyat Komitəsinin yüksəkvəzifəli üzvü, demokrat senator Mark Uorner bildirib ki, kəşfiyyat sahəsində əməkdaşlığın güclənməsi Ukraynanın Rusiya ilə müharibədə mövqelərini möhkəmləndirməsinə kömək edib.

O, detallara varmasa da, vəziyyətin xeyli yaxşılaşdığını vurğulayaraq bunu Ukraynanın uzaqmənzilli pilotsuz uçuş aparatlarından səmərəli istifadəsi ilə əlaqələndirib.

Respublikaçı senatorlar Con Kornin və Senatın Silahlı Qüvvələr Komitəsinin sədri Rocer Uiker də kəşfiyyat məlumatlarının mübadiləsinin intensivləşdiyini təsdiqləyiblər. Kornin bildirib ki, Ukrayna hazırda döyüş meydanında təşəbbüsü ələ almağa başlayıb.

Demokrat senator Tim Keyn isə 2025-ci ilin aprelində və 2026-cı ilin iyulunda Ukraynaya səfərləri zamanı tərəflər arasında qarşılıqlı etimadın artdığını müşahidə etdiyini deyib.

Ekspertlər də ABŞ-Ukrayna kəşfiyyat əməkdaşlığının əvvəlki maksimum səviyyəsinə qayıtdığını bildirirlər.

Müharibənin Araşdırılması İnstitutunun (ISW) innovasiya və açıq mənbələr üzrə direktoru Corc Barros qeyd edib ki, ABŞ-ın təqdim etdiyi kəşfiyyat məlumatları Ukraynanın Rusiyanın enerji infrastrukturuna zərbələrinin dəqiqliyini artırıb. Onun sözlərinə görə, bu, Moskvaya təzyiq göstərmək və onu danışıqlara təşviq etmək üçün daha geniş strategiyanın tərkib hissəsidir.

Barros əlavə edib ki, ABŞ-ın erkən xəbərdarlıq sistemləri müharibənin ilk günlərindən Ukraynanı Rusiyanın raket hücumlarına hazırlıq barədə məlumatlandırır.

ABŞ-ın 2003–2006-cı illərdə Ukraynadakı sabiq səfiri Con Herbst isə vurğulayıb ki, Vaşinqton da Kiyevdən mühüm fayda əldə edir.

"Şübhə yoxdur ki, Ukrayna Rusiya haqqında çox dəyərli kəşfiyyat məlumatlarına malikdir", deyə o bildirib.

"Politico" xatırladır ki, Donald Trampla Volodimir Zelenski arasında münasibətlər ötən il Oval kabinetdə baş verən gərgin mübahisədən sonra ciddi sınaqdan keçsə də, son dövrdə tərəflər arasında əməkdaşlıq və əlaqələrin dinamikasında müsbət dəyişikliklər müşahidə olunur.

Samir
 

0