Rusiya ilə İran arasında hərbi əməkdaşlığın yeni mərhələyə keçdiyi iddia olunur.
HİT.az xəbər verir ki, "Portfolio" nəşrinin yaydığı məlumata görə, Moskva Tehrana təkmilləşdirilmiş "Şahed" tipli zərbə dronları və hədəflərin müəyyənləşdirilməsi üçün kəşfiyyat məlumatları təqdim edib.
Məqalədə bildirilir ki, bu qiymətləndirmə ABŞ-nin Müharibənin Araşdırılması İnstitutunun (ISW) avqustun 2-də dərc etdiyi hesabatına əsaslanır. Hesabat təsdiqlənəcəyi təqdirdə, Rusiyanın İrana hərbi dəstəyinin əvvəlkindən daha geniş miqyas aldığını göstərə bilər.
Hesabata görə, Moskvanın rolu artıq yalnız pilotsuz uçuş aparatları texnologiyasının ötürülməsi ilə məhdudlaşmır. İddia olunur ki, Rusiya həm də Tehrana əməliyyat dəstəyi göstərərək hədəflərin müəyyənləşdirilməsinin dəqiqliyini artırmağa kömək edir və bununla İranın zərbə imkanlarını gücləndirir.
Bildirilir ki, Rusiya Ukraynadakı müharibə zamanı əldə etdiyi döyüş təcrübəsi əsasında təkmilləşdirilmiş "Şahed" dronlarını İrana ötürüb. Eyni zamanda, İranın Yaxın Şərqdə ABŞ hərbi qüvvələri və strateji obyektlərinə qarşı əməliyyatlarında istifadə olunduğu iddia edilən hədəf kəşfiyyatı məlumatlarını da təqdim edib.
Hesabatda vurğulanır ki, Rusiya-İran hərbi münasibətləri artıq texnologiya və əməliyyat biliklərinin qarşılıqlı mübadiləsinə çevrilib.
Qeyd olunur ki, İran Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsinin ilk dövrlərində Moskvaya "Şahed-131" və "Şahed-136" kamikadze pilotsuz uçuş aparatları tədarük edib. Rusiya isə bu dronları "Geran-1" və "Geran-2" adı ilə kütləvi istehsala buraxaraq döyüş təcrübəsi əsasında onları daha da təkmilləşdirib.
Nəşrin yazdığına görə, hazırda həmin modernləşdirilmiş texnologiyalar və kəşfiyyat imkanları yenidən İrana ötürülür.
Samir


