İspaniya sakinlərinin 69,3 faizi hesab edir ki, Mərakeş miqrasiya böhranından ölkənin Baş naziri Pedro Sançesə siyasi təzyiq göstərmək üçün istifadə edə bilər.
HİT.az xəbər verir ki, bu barədə “La Razon” qəzeti “NC Report” sorğusunun nəticələrinə istinadən məlumat yayıb.
Qeyd olunur ki, sorğu iştirakçılarının yalnız 22,9 faizi Rabatın Sançesə təzyiq göstərmədiyini düşünür. İspanların 7,8 faizi isə suala cavab verə bilməyib.
Respondentlərin 77,3 faizi Mərakeşin İspaniyaya qarşı düşmən kimi davrandığını hesab edir. Sorğu iştirakçılarının yalnız 16,1 faizi bunun əksini bildirib. Eyni zamanda, vətəndaşların 6,6 faizi Mərakeşin davranışını qiymətləndirməyib.
Sorğu iyulun 31-dən avqustun 3-dək İspaniyanın 1000 yetkin vətəndaşı arasında keçirilib.
İyulun sonunda Mərakeşdən on minlərlə miqrant Şimali Afrikadakı İspaniyanın muxtar şəhəri Seutaya qanunsuz şəkildə daxil olub. Bu hadisə İspaniya Ali Məhkəməsinin ölkəyə qanunsuz daxil olan miqrantların dərhal deportasiya edilməsini qadağan etməsindən və onlara sığınacaq üçün müraciət etmək imkanı verilməsini tələb etməsindən sonra baş verib.
Avqustun 3-də İspaniyanın xarici işlər naziri Xose Manuel Albares Seutadan bütün miqrantların “sonuncusuna qədər” çıxarılacağını vəd edib.
Samir


